Qubada “Alma bayramı” və Xalça festivalı keçirilir

Qubada ənənəvi “Alma bayramı” və bu il ilk dəfə təşkil olunan Xalça festivalı keçirilir. Oktyabrın 7-si səhər saatlarından başlayan bayram tədbiri şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilir. Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilir. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunur. “Alma bayramı”nda qubalı bağbanlar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdiriləcək. Alma bayramı ilə eyni vaxtda ilk dəfə olaraq Xalça festivalı da keçirilir. Festival iştirakçılarına Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdirilir. Tədbir çərçivəsində xalçaların satışı da təşkil olunub. Tədbir tanınmış incəsənət ustalarının bayram konserti ilə başa çatacaq.AzərTac

DİGƏR XƏBƏRLƏR

Top