"3-cü sinif kitabında bu səhvi görəndə heyrətləndim"

"3-cü sinifdə oxuyan uşaq bir neçə testi həll etməkdə məndən kömək istədi. Testlərə baxdım və heyrətləndim". "Yeniavaz.com" saytının məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

"Belə şeylərə bəzən əhəmiyyətsiz, xırdalıq kimi baxırıq. Amma bütün bədbəxtliklərimiz bunlardan başlayır deyə, ictimailəşdirmək istədim. 3-cü sinif üçün nəzərdə tutulan "Qiymətləndirmə" adlı bu kitabda yol hərəkətinə dair 6-ci və 7-ci suallara baxın. 6-cı sualın düzgün cavabı variantlar arasında ümumiyyətlə yoxdur. Həm də variantların hamısında terminoloji səhv var. 7-ci sual isə lap gül vurmaqdır. Sən demə, işıqfor da nişandır, biz bilmirik. Bu ktabın 7 müəllifi var: 6-sı müəllimə, biri müəllim. Bilmirəm, onlardan sürücülük hüququ olan var, ya yox. Məncə, zəif sürücü də bu səhvlərə yol verməməlidir. Əsas problem isə bu deyil, yanaşma tərzidir. Belə elementar səhv kitabda necə dərc oluna bilər? Məsuliyyət hissimizi bu qədərmi itirmişik? Belə yanaşma ilə biz hara gedirik, nəyə nail oluruq?",-deyə ekspert vurğulayıb.

Onun sosial şəbəkədə ictimailəşdirdiyi bu vəziyyətə haqq qazandırmaq istəyənlər də olub: "Əsas məsələ yanaşma tərzidir. Uşaqların başa düşdüyü dildə izah etməyə çalışıblar. O ki qaldı müəllimlərin sürücülük hüququ olub olmaması məsələsinə, olsaydı, pulla alınan bir vəsiqəsinin sahibi olacaqdı, bunun da nəticəyə müsbət təsir edəcəyini düşünmək sadəlövhlük olardı. Sürücülük imtahanına girənlər bilir, orda da elə suallar var ki, onların doğru cavabı cavablar arasında yoxdur".

Lakin Ə. Hüseynov bu fikirlərlə razılaşmayıb: "İnformasiya kökündən səhvdirsə, onu hansı dildə çatdırmağın nə mənası var? Yaxud uşaqların başa düşdüyü dil niyə səhv olmalıdır? Həm də sizə elə gəlmir ki, bu dünyagörüşü formalşdırılan uşaq sabah sürücülük vəsiqəsini də pula satacaq, vicdanını da. Hətta kombinasiya qurub xalqına kələk də gələcək",-deyə ekspert etirazını bildirib.

Xəbərin sonunda təqdim etdiyimiz foto isə 2-ci siniflər üçün "Həyat Bilgisi" kitabındandır. Əlavə şərh vermədən təqdim edirik...

DİGƏR XƏBƏRLƏR

Top