Zemfira Rüstəmova: "Yetirmələrimin 800-1000 nəfəri həkimdir"

Gənc nəslin müstəqil həyata hazırlanması, onların dünya baxışının formalaşması, yəni gələcəyin mütəxəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır. Bu günün şagirdlərini gələcəyin ixtisaslı mütəxəssisi kimi qəbul etməliyik. Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyıram. Adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən müəllimlərimiz az deyil. Bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird - əsl insan yetişdirməyə çalışır. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən, keçirilən "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri müəllimlərin maddi və mənəvi həvəsləndirilməsinə, məktəblərin tədris-maddi bazasının möhkəmləndirilməsınə güclü təsir göstərib. Belə müəllimlərdən Mingəçevirdə çoxdur desək, yanılmarıq. Bu günlərdə - Prezident İlham Əliyevin 5 oktyabr Müəllim Günü münasibəti ilə "Tərəqqi" medalı ilə təltif edilən müəllimlər içərisində Mingəçevir Texniki liseyin biologiya müəlliməsi Rüstəmova Zemfira Tofiq qızı da var. 42 il pedoqoji fəaliyyəti olan Zemfira müəllimə deyir ki, o, müəllim adını həmişə uca tutub. Peşə bayramını qeyd edən Zemfira müəllimə ilə görüşüb onu təltif edilməsi münasibəti ilə təbrik etdik. Onunla kollektivi və Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovla birlikdə həmsöhbət olduq. Zemfira müəllimə öncə işlədiyi kollektivə, ölkə başçısına təhsilə, müəllimə göstərdiyi diqqət və qayğya, Təhsil Şöbəsinin müdiri Sahib Məmmədova, texniki liseyin direktoru Nailə Məmmədovaya minnətdarlıq bildirdi. Söhbətimizə qoşulan Sahib müəllim bildirdi ki, müəllimlərimiz eyni zamanda, məktəblərimizin simasıdır: "Bu gün tam əminliklə qeyd edə bilərəm ki, yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah bir insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan Zemfira müəllimə məhz "təhsildə kamilliyə can atan", öz sahəsinə dərindən bələd olan bir pedaqoqdur. Biz fəxr edirik ki, bu gün gənc nəslin təlim-tərbiyəsində belə müəllimlər dayanır".

"Yaxşı müəllim kimdir?" sualına həmsöhbətimiz belə cavab verdi: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır".

Müsahibimiz deyir ki, yetirmələrinin 800-1000 nəfəri həkimdir. Onlar həmişə öz müəllimələri ilə əlaqə saxlayırlar.

Zemfira müəllimə də məhz yuxarıdakı keyfiyyətləri özündə birləşdirən bir pedaqoqdur. Deyir ki, anası onu həkim kimi görmək arzusunda idi. Lakin Zemfira müəllimə həm öz arzusunu, həm də, atasının ona tövsiyə etdiyi müəllimlik peşəsini seçib. O, Mingəçevir 11 saylı məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Bu günə qədər Zemfira müəllimə təhsil sahəsində bir çox uğurlara imza atıb. O, bu nailiyyətlərlə tam arxayınlaşmır. Zemfira müəllimənin timsalında bütün təhsil işçilərini, öz işinin peşəkarı olan müəllimlərə şərəfli peşələrində uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top