Akif Çovdarovun son sözünün şifrələri

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatır. Oktyabrın 4-də Akif Çovdarov son sözlə çıxış edib. Çovdarov son sözündə, açıq şəkildə olmasa da, sətiraltı hansısa məsələlərə toxunub, kimlərinsə ona qarşı qərəzindən bəhs edib. Çovdarov çıxışında bildirib: “Əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəyəm. Ölkəmə, dövlətimə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb”.

Çovdarov bildirib ki, həmişə prezidentə və dövlətinə sadiqdir: “Hətta indi də sadiqəm”. O, ittihamlarla razılaşmadığını və bunların böhtan olduğunu bildirib. General çıxışında istintaq orqanının işi araşdırmasından və ona qarşı davranışından da gileylənib: “Mən dövlətə xidmət etmişəm. İstintaq orqanı mənlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm. İstəyirdilər ki, özümü öldürmək həddinə çatım. Amma mən zəif adam deyiləm ki, bunu edim. Və bunu etmədim. Düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.

Onu da qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, MTN generalının şifrəli çıxışında diqqəti əsasən bir məqam çəkir: “Mənə maraqlı gələn onun ”prezidentə və dövlətə bu gün də sadiqəm" ifadəsi oldu. Burada o nə demək istəyir? Mənə çox maraqlıdır. Yəni demək istəyir ki, keçmişimdə də nə etmişəmsə dövlətə və dövlət maraqlarına görə etmişəm? Onun fikirlərində əks mövqe də var. Deyir ki, məni tutanda irəli sürülən ittihama görə özümü öldürmək istədim. Belə görünür ki, onun narazılığı yalnız prokurorluqdandır. Son sözündə də müəyyən müəmmalar diqqətdən yayınmadı. Sözlərindən belə çıxdı ki, heç nəyi özbaşına etməyib. Sadəcə olaraq, verilən tapşırıqları yerinə yetirib. Özü də əfv istəmir. Birbaşa olaraq deyir ki, məni azadlığa buraxın. İnanmıram ki, onu birbaşa olaraq azadlığa buraxacaqlar. Ancaq bu, o deməkdir ki, Çovdarovu qısa müddət ərzində azadlığa buraxacaqlar".

İ.İsmayıl Çovdarovun qərəzlə bağlı fikirlərinə də münasibət bildirib: “Burada o, Eldar Mahmudovu nəzərdə tutmur. Çünki Çovdarov Mahmudovun sağ əli olub. Əgər qərəzi Eldar Mahmudovdan gözləsəydi, indiyə qədər məhkəmədə onun adını çəkərdi. Ancaq bu, baş verməyib. Bəlkə də DTX demək istəyib, çaşıb MTN deyib. Ancaq o da mümkün deyil. Çünki DTX-nın indiki rəhbərliyi onunla işləməyib. Hər halda ola bilər ki, daha çox adı hallanan Hilal Əsədovu nəzərdə tutur. Çovdarova qərəz ona görə ola bilərdi ki, o, çox kobud və qanunsuz hərəkət edib. Ona görə də istər-istəməz oradakı məsuliyyətli, qayda-qanunla hərəkət edən adamlar ona mənfi münasibət bəsləyə bilərdilər. Yəqin ki, Çovdarov bunu nəzərdə tutub. Deyir ki, məni özümü öldürmək həddinə çatdırırdılar və hər şeyi üzərimə yıxacaqdılar. O, bunu deməklə dolayısı ilə öz cinayətlərini və keçmiş nazirliyin bütün qanunsuz əməllərini təsdiqləmiş olur. Nəyi sənin üstünə yıxacaqdılar? Deməli, cinayət etdiyini bilir. Ancaq, yuxarıda da qeyd etdiyimiz kimi, Çovdarov dövlətə xidmət etdiyini vurğulayır. Məgər cinayətləri də dövlət naminə edib? Məhkəmənin bir hissəsinin də qapalı keçməsinin özü də müəmmalıdır. Məsələ Akif Çovdarov və MTN-lə bağlı 50 faiz hüquqi müstəvidə aparılırsa, 50 faiz də yazılmamış qanunlarla aparılır”.

DİGƏR XƏBƏRLƏR

Top