Bazar müharibələrinin qurbanları

Moskvanın iri bazarlarının “pərdəarxası”.

Sentyabrın sonlarında “Moskva” ticarət kompleksinin qarşısında kütləvi etiraz aksiyaları baş verib. Səbəb kimi satıcılardan birinin mühafizə işçisi tərəfindən döyülməsi göstərilir. Gənc oğlan ya hesabı vaxtında ödəməyib, ya da özbaşına alverlə məşğul olub.

Lenta.ru nəşri Moskvanın ən böyük ticarət komplekslərinin “digər tərəfində” baş verən hadisələri araşdırıb.

“Bazar hökmdarı”nın ölümü

...2016-cı ilin avqust ayının 16-da “Range Rover” markalı avtomobil İstanbulun mərkəzində gülləbaran edilib. Qatillər İsrail istehsalı olan “Uzi” tapança-pulemyotlarından istifadə ediblər. Hədəf arxa oturacaqda əyləşən Azərbaycan əsilli kriminal avtoritet Rövşən Canıyev idi. Hadisə zamanı sürücü xilas ola bilsə də, ağır gülə yaraları alan Lənkəranski “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib. Onun cəsədi xüsusi reyslə doğulduğu Lənkəran şəhərinə gətirilib və 19 avqust 2016-cı ildə torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə insan iştirak edib.

Məhz Lənkəranski 2103-cü ildə öldürülən Tbilisi və kürd kriminal klanlarının lideri Aslan Usoyanın (Ded Hasan) ehtimal sifarişçisi sayılırdı. Kürdlər ondan qisas alacağını bildirmişdilər. Lənkəranskinin düşmənləri arasında azərbaycanlı kriminal avtoritet Lotu Quli kimi tanınan 44 yaşlı Nadir Nəriman oğlu Səlifovun da adı çəkilir. Ona 2000-ci ildə, 27 yaşında ad verilib.

“Praym Kraym” nəşrinin redaktoru Viktoriya Qefterin sözlərinə görə, Lotu Quli ən nüfuzlu azərbaycanlı kriminal avtoritetdir.

Rövşən Canıyev (Lənkəranski)

Adətən, kriminal avtoritetlərin bütün kommersiya işləri “özgə gözlərdən” yaxşı gizlədilir. Bununla belə Viktoriya Qefter qeyd edir ki, Lənkaranskiyə Kalujski şossesində yerləşən Moskvanın ən iri topdan və pərakəndə satış mərkəzində “Fud Siti” ticarət obyektləri tabe idi. Canıyevin ölümündən sonra onun işlərini 39 yaşlı Zaur Əhmədov davam etdirib.

Təhlükəli miras

Biznesmen Əhmədov Lənkəranskinin ölümünü yaddan çıxarmırdı. “Praym Kraym”ın məlumatına görə, o, dəfələrlə bəyan edib ki, Rövşəndən qalan bütün mirası onun qisasına xərcləməyə hazırdır.

Foto: İlya Pitalev / RİA Novosti

Nüfuzu cinayətkarlardan heç biri Əhmədovu dəstəkləmədilər. Lakin nəşr bildirir ki, məhz o, bir müddət əvvəl, Lotu Qulinin adamlarının atəşə tutulmasını maliyyələşdirib.

“Əhmədov Quliyə qarşı Lənkəranskinin apardığı siyasəti aparır. Bu səbəbdən Zaurun həyatı həmişə təhlükə altındadır”, - Viktoriya Qefter izah edir.

Birincilər arasında birinci

Bəzi KİV-lərin məlumatına əsasən, Moskvanın ən iri bazarlarının nəzarət edənlər arasında Rusiyada leqal yaşayan “qanuni oğru” azərbaycanlı Vaqif Süleymanov da (Vaqif Bakinski) var.

“Mənim fikrimcə Vaqifin bazarların nəzarətinə birbaşa əlaqəsi yoxdur. Hər halda, o, bazar bölgüsü zamanı hər dəfə kənarda qalır, çünki hüquq-mühafizə orqanları tərəfindən daima izlənilir”, - Viktorya Qefter deyir.

Səlifov Nadir Nəriman oğlu (Quli)

Sosial şəbəkələrdə, bazar müharibələrində qanuni oğru Rəşad İsmayılovun da iştirak etdiyi yazılır. Lakin “Praym Kraym”ın redaktoru hesab edir ki, bu həqiqətdən uzaqdır:

“Rəşad Qulinin adamıdır. Dediyim kimi, Quli azərbaycanlılar arasında “nömrə birdir”, o, hər şeyə özü nəzarət edir”.

Moskva ticarət kompleksinin qarşısındakı iğtişaşların ikinci günündə, sentyabrın 21-də, “Rosbalt” nəşri öz saytında Tacikistandan olan ticarətçilər və onların “Fud Siti” və “Sadovod”da işləyən həmyerlilərinin kriminal avtoritetlər Hoca Cabbar və Hoca Səmədin nəzarəti altında olmaları barədə yazı yerləşdirib. Məlumatda bildirilir ki, avtoritetlər miqrantlar (alverçilər, taksi sürücüləri və yük daşımaları ilə məşğul olan şəxslər) üçün xərac müəyyənləşdiriblər. Pulu ödəməyənlər isə döyülür və obyektlərdən çıxarılırlar. Bazar mühafizəsi də Cabbar və Səmədin qoyduğu qanunlarla hərəkət edir.

“Heç bir səbəb olmadan səni öz obyektinə buraxmaya bilərlər. Və birbaş deyirlər: “Cabbar və ya Səmədlə razılığa gəl buraxaq”. Döyə də bilərlər. Sonra isə gəlib deyirlər ki, “Cabbar və ya Səmədlə işləsəydin belə olmazdı”,- agentliyin sözçüsü bildirib.

Mənbə həmçinin qeyd edib ki, 2012-ci ildə “Moskva” ticarət kompleksində Düşənbədən olan gənc oğlan vəhşicəsinə döyülüb. 2015-ci ildə isə “vergi” ödəməyən taksi sürücüsü bazar ərazisindən sərnişin götürdüyü üçün işgəncəyə məruz qalıb. Mənbənin sözlərinə görə, belə hadisələr tez-tez baş verir.

Milli mənsubiyyət

“Moskvada etnik icmalar arasında nüfuz sahələri çox ciddi bölüşdürülüb. Məsələn azərbaycanlılar “Fud Siti”də, çinlilər və vyetnamlılar “Sadovod” və “Moskva” ticarət kompleksində üstünlük təşkil edirlər”, - vəziyyətlə tanış olan mənbə deyib.

Onun sözlərinə görə, Moskvada hər bir etnik qrupun öz “kriminal ixtisası” var. Tacik cinayətkar qruplaşmaları qarət, soyğunçuluq, həmçinin inkassatorlara hücumlarla məşğuldurlar.

Foto: Dmitri Korotayev / “Kommersant”

“Azərbaycanlıların alver etdiyi bazarlarda taciklər də işləyirlər. Yük daşıyırlar və ya həyət süpürürlər. Lakin əslində belə xırda işlərlə məşğul olan şəxslər “gizli analitiklər” olurlar. Onlar gəlirin kimin, nə vaxt və haraya apardığını müəyyənləşdirirlər. Bu məlumatlar digər quldurluqla məşğul olan taciklərə ötürülür, və onlar hücumlar təşkil edərək iş adamlarını soyurlar. Bundan sonra cinayətkarlar vətənlərinə qayıdırlar”, - nəşrin sözçüsü deyib.

Məşhur sovet kriminal avtoriteti Anatoli Çerkasov deyirdi: “Polisə müraciət etməyəcək şəxsləri soymaq lazımdır”.

“Azərbaycanlılar bu planda taciklər üçün çox gözəl hədəfdirlər, çünki onlar hüquq-mühafizə orqanlarına şikayət etmirlər. Bir tərəfdən bu onların vergi ödəmədən bizneslə məşğul olmalarını üstünü örtür, digər tərəfdən isə onlar üçün polisə müraciət etmək, özünü zərərçəkən kimi hiss etmək qəbuledilməzdir”, - mənbə əlavə edib.

Azərbaycanlılardan ibarət cinayətkar qruplaşmalar isə öz növbəsində insan alveri ilə məşğul olurlar.

“Etnik cinayətkarlıqdan danışarkən narkotik alverini də yaddan çıxarmaq olmaz. Əfqanıstandan gələn heroin Moskva küçələrində virtual ticarətin köməyi ilə yayılır. Tacik operatorlarının da bu işdə əli var. Azərbaycanlıların məşğul olduğu gül biznesi isə Latın Amerikasından gətirilən kokain alverinin gizlin saxlanılması üçündür”, - mənbə yekunlaşdırıb. Oxu.Az

DİGƏR XƏBƏRLƏR

Top