“Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarik Elyunussi ölkəsinin mətbuatına müsahibə verib. Bir ay əvvəl komandanın heyətində icarə hüququ ilə yer alan futbolçu öz müqaviləsindən, Çempionlar Liqasının oyunlarından, Azərbaycanda necə yaşamasından, azarkeşlərdən və s. danışıb.
Tarik Elyunussi bildirib ki, onu ən çox təəccübləndirən Bakının çox əyləncəli şəhər olmasıdır: “Bakıda bir neçə dəfə milli komanda ilə olmuşdum. Amma bu dəfə fərqlidir. Əvvəlcə sadəcə stadion və oteli görmüşdüm. İndi görürəm ki, Azərbaycan paytaxtı gözəl şəhərdir. Buranın infrastrukturuna böyük pullar xərclənib. Böyük binalar, yaxşı yollar və gözəl restoranlar var. Çox lüks mağazalara sahib və gözəl şəhərdə yaşayıram. Bu məni doğrudan, təəccübləndirdi”.
“Qarabağ” klubuna gəlincə, yarımmüdafiəçi bildirib ki, onun yeni klubu böyük klubdur və xoşxbət olduğu müqaviləsi var. Yeri gəlmişkən, o, komandanın azarkeşlərinə təşəkkür edib: ““Çelsi”yə 0:6 uduzsaq da, azarkeşlərdən dəstək mesajları alırdıq. Onlar deyirdilər ki, “məğlubiyyətə baxmayaraq sizi sevirik”. ÇL-də ölkəni təmsil etdiyimiz üçün çox sevinirlər. Onlara təşəkkür edirəm”.
“Dil baxımından öyrəşə bilirsiz” sualına isə legioner belə cavab verib: “Ən azı öncə bütün oyunçuların adlarını öyrəndim. Azərbaycanda dil daha çox rus və türk dillərinin qarışığıdır. Düşünürəm ki, rus dilində kursa gedə bilərəm. Bizim baş məşqçimiz az da olsa, ingiliscə bilir və danışır. Ancaq əcnəbi futbolçular üçün tərcüməçi var. Baş məşqçi danışanda tərcüməçi mənim üçün ingilis dilinə çevirir.
Komandaya tam uyğunlaşmaq üçün vaxt lazımdır... Azərbaycan çempionatında 3 matçda 90 dəqiqə oynamışam. Düzdür, tam formada olmaq üçün bəs etmir. Daha çox 4-2-2-1-1 sistemindən istifadə edirik. Mən bu quruluşda özümü yaxşı hiss edirəm. Bunu ÇL-də "Atletiko"ya qarşı matçda da edə bilərik”. virtualaz.org