Son zamanlar xaricdən gətirilən kərə yağlarının qiymətində kəskin artımlar müşahidə olunmaqdadır. İlin əvvəlində markasından asılı olaraq qiyməti 10-12 manat olan kərə yağının 1 kiloqramı hazırda 16-18 manata satılır. Bu isə o deməkdir ki, son 9 ay ərzində kərə yağının qiyməti 50% bahalanıb. "Yeniavaz.com" xəbər verir ki, kərə yağının qiymətində qeydə alınan artım xarici bazarlarda müşahidə olunan bahalaşma ilə əlaqədardır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agricultural Organization - FAO) məlumatına görə, Avropanın topdansatış bazarlarında kərə yağının 1 tonu hazırda 7800-8200 dollara (1 kiloqramı 7,8-8 dollar və ya 13,2-13,6 manata) satılır. İlin əvvəli ilə müqayisədə kərə yağının qiyməti Avropa bazarlarında 70%-dən çox bahalanıb. Belə ki, bu ilin yanvar ayında kərə yağının 1 tonunun qiyməti Avropada 4550-4650 dollara (1 kiloqramı 4,55-4,65 dollar və ya 7,7-7,9 manata) bərabər olub. Dünyada kərə yağı bazarının əsas tədarükçülərindən olan Avstraliya və Yeni Zelandiya bazarlarında da kərə yağının qiyməti kəskin artıb. FAO-nun məlumatına görə, bu ilin ilk 9 ayı ərzində Avstraliya və Yeni Zelandiyanın topdansatış bazarlarında kərə yağının 1 tonunun qiyməti 43% və ya 1900 dollar artaraq 4380 dollardan (1 kiloqramı 4,3 dollar və ya 7,3 manata) 6280 dollara (1 kiloqramı 6,2 dollar və ya 10,5 manata) kimi bahalanıb.
Qeyd edək ki, xaric bazarlardakı qiymət artımı ölkəyə idxal olan olunan kərə yağının qiymətində də müşahidə olunmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin əvvəlində ölkəyə gətirilən kərə yağının 1 kiloqramının gömrük dəyəri 3,1 dollar (5,8 manat) olduğu halda bu ilin avqust ayında 4,5 dollar (7,6 manat) olub. Bu isə o deməkdir ki, idxal olunan kərə yağının gömrük dəyəri son 8 ayda 48% artıb. Bu isə qiymət artımının xarici bazarlarda müşahidə olunan artımlarla eyni səviyyədə olduğunu göstərir.
FAO-dan verilən açıqlamada həmçinin qeyd olunur ki, kərə yağının qiymətində müşahidə olunan artımların bir neçə səbəbi var. Əsas səbəblərdən biri odur ki, son illər dünyada kərə yağına olan tələbat sürətlə artır. Son illər insanlar marqarin və bitki yağlarından daha az istifadə etməyə başlayıblar. Başqa bir səbəb isə ötən il Avstraliya və Yeni Zelandiyada havaların qeyri-sabit keçməsidir. FAO-nun mütəxəssisləri belə hesab edirlər ki, ilin sonuna kimi sürətli artımın bir qədər səngiyəcəyi gözlənilir.
Məlumat üçün onu da qeyd edək ki, ölkəyə idxal olunan kərə yağının gömrük dəyəri xarici bazarlarda satılan kərə yağının topdansatış qiymətlərindən aşağıdır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında Yeni Zelandiyadan idxal etdiyimiz kərə yağının gömrük dəyəri 3,8 dollar olub. Halbuki, bu ilin ilk yarısında Yeni Zelandiyanın topdansatış bazarında kərə yağının 1 kiloqramı 4,3-5,5 dollar arasında dəyişib. Gömrük dəyərinin xarici bazarlardakı qiymətlərdən ucuz olması isə o zaman mümkün ola bilər ki, ölkəyə kərə yağı adı ilə gətirilən məhsula nisbətən ucuz olan bitki yağları da əlavə edilsin.