Yükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb VİDEO

Paytaxt sakini Orxan Qəhrəmanov 188 yükdaşıma xidmətindən narazıdır. O. Qəhrəmanov üzləşdiyi problemlə bağlı "Yeniavaz.com" saytına müraciət edib və problemin ictimailəşdirilməsini xahiş edib.

Şikayətçi bildirir ki, ev əşyaları Masazırdan 7-ci mikrorayona daşınarkən 3000 manat dəyərində qab-qacağı qırılıb.

Orxan Qəhrəmanov baş verənləri belə nəql edir: "Avqustun 29-30-da yükdaşıma şirkətlərinin bir neçəsinə zəng vurdum. Masazırdan 7-ci mikrorayona - yeni evə köçməli idik. Elə alındı ki, yüklərin daşınması üçün 188 yükdaşıma şirkəti ilə razılaşası oldum. Bildiyiniz kimi, bu şirkətin maşınlarının üzərində də "Bütün daşınmalara zəmanət veririk" yazılır. Mənə şirkətin operatorları da belə demişdilər. Soruşmuşdum ki, daşınan məhsul sınsa, qırılsa, zədələnsə, nə olacaq? Demişdilər ki, narahat olmayın, işçilərimiz professionaldır, siz özünüz də oradasınız, nəzarət eləyin. İşçilər evimizə gəldilər, yükləri daşıyan zaman - evdən çıxaranda içi bahalı qablarla dolu olan 3 qutunu üst-üstə qoydular. Dedim qardaşlar, bu qabdır, birdən düşər, sınar. Dedilər ki, narahat olmayın, heç nə olmaz. Evə girməmiş, düz liftin qarşısında qabla dolu qutular düşdü və sındı. Soruşdum ki, qablar sındı, indi nə edək, dedilər narahat olmayın. Lakin sonra nə ofislərindən bir işçi gəldi, nə maraqlanan oldu. 1 ay yubatdılar, axırda mənə dedilər siz həmin qablardan tapın, biz ödəniş edək. Dünən zəng vurmaq istədim, nömrəmi salıblar "qara siyahıya", zəng vurmaq da olmur".

Şikayətçinin dediyinə görə, onların mənzilinə yük daşımağa gələn 5 nəfər işçidən 4-ü yeni işçi olub. Halbuki şirkətdən ona təcrübəli işçilər göndəriləcəyi deyilibmiş: "Hadisə baş verəndən sonra şirkətdən mənə bildirdilər ki, əgər sizin evdəki əşyalarınızı biz bağlasaydıq, o zaman zəmanət verərdik. Yaxşı, bunu mənə hadisə verəndən sonra niyə deyirdiniz? Axı zəng vuranda başqa söz deyirdiniz? Qabları 2012-ci ildə aldığım satıcını tapdım, dedi qardaş, indi həmin qablardan yoxdur. Biz onu sizə ancaq 2800-3000 manata gətizdirərik. Mən 188 yükdaşıma şirkətinə hətta təklif etmişdim ki, "eybi yoxdur, bizə 1600-1700 manat dəyərində qab alın, razılaşarıq". Əvvəl dedilər razıyıq, ancaq yenə də başladılar söhbəti uzatmağa. Həmin qabların bir dəstini 1800, digər dəstini isə 1300 manata almışdıq.

Daşımaya görə şirkətə 130 manat ödəməli idik. Ancaq yaxınlarım mənə dedilər ki, bu pulu ödəmə, onsuz da onlar sənə pul verən deyillər. Yükü daşıyan işçilərin nömrəsini götürmüşdüm. İndi işdir də olub, mən onları çox da günahlandırmıram, hər halda mənimlə düşmənçilikləri yoxdur. İşçiyə dünən zəng vurmuşam, deyir ki, "qardaş, mən işdən çıxmışam, 1 ay üçün mənə 100 manat maaş verdilər, vəssalam". Mən bildiyimə görə, bizim düşüb qırılan qaba görə işçilərin maaşından pul tutulub. İşçilər özləri dedilər ki, "400 manat manat maaş alırıq, bizə sərf eləmir. Biz ona görə işləyirik ki, ev sahibləri bizə "hörmət" edir". Sözlərindən belə çıxır ki, ev sahibləri "hörmət" eləməsələr işləməzlər. Dediklərinə görə, ziyan dəyəndə isə hamısının məsuliyyəti qalır işçilərin üzərində".

Adətən, yükdaşıma şirkətləri yüklərin daşınması zamanı mənzildəki əşyalara baxır, siyahıya alır və ev sahiblərinə ortaq sənəd imzalatdırırlar. Lakin Orxan Qəhrəmanovun dediyinə görə, 188 yükdaşıma xidməti yükləri daşıyarkən onunla nə müqavilə imzalanmayıb, nə də digər hansısa sənədə imza atdırılmayıb: "Mən onlara dəfələrlə demişəm ki, sizə pislik eləmək istəmirəm, hansı variant dedimsə, razılaşmadılar. Bir nəfər gəlib demədi ki, qardaş, bir işdir olub, üzrlü hesab elə. Atdılar işçilərin üstünə. İşçilər də çıxıb gedəndən sonra nə özləri gəldi, nə də başqa maraqlanan oldu. 188 yükdaşıma xidmətinin səlahiyyətli şəxsi Abbas müəllimlə danışdım, o da dedi ki, "qardaş, mən kiməm, burada adi işçiyəm, müdriyyətə deyirəm, bu gün, sabah deyirlər". Artıq ay yarımdır. İstəyirəm ki, mənim başıma gələn hadisə başqalarının başına gəlməsin. Odur ki, ictimailəşdirməyinizi xahiş edirəm".

Qeyd edək ki, Orxan Qəhrəmanov daşınan zamanı qırılmış qabların videosunu da saytımıza göndərib.

Məsələ ilə bağlı 188 yükdaşıma şirkətinin Aydın adlı səlahiyyətli şəxsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zəngimizə cavab verilmədi. Şirkətin 188 nömrəsinə cavab verən operator xanım isə suallarımızı dinlədikdən sonra bizimlə əlaqə saxlanılacağını bildirdi. Hələ də bir cavab yoxdur.

Nicat

yukdasima

DİGƏR XƏBƏRLƏR

Top