Sosial şəbəkələrdə paylaşılan bu foto görənlərin təəccübünə səbəb olub. Fotodan və yazılanlardan belə aydın olur ki, "Milla"nın istehsalı olan kəsmikli ərgin pendirin istehsal tarixi 5 gün sonrakı tarix göstərilib. Belə ki, oktyabrın 1-də marketdə satılan məhsulun üzərində istehsal tarixi oktyabrın 5-i göstərilib. Qəribədir, istehsal tarixi oktyabrın 5-i göstərilən qablaşdırılmış pendir oktyabrın 1-də satışda nə gəzir?
"Yeniavaz.com" xəbər verir ki, fotonu sosial şəbəkədə paylaşan istifadəçi belə bir qeyd də edib: "Daha bir analoqu olmayan nailiyyətimiz - bütün iri supermarketlərimizdə oktyabrın 5-də istehsal olunacaq məhsul satılır"...
Məsələ ilə bağlı milla brendinin istehsalçısı - Azərbaycan Qida və Qablaşdırma Şirkəti ("AZFP Co LTD" MMC") ilə əlaqə saxlamağa çalışıb suallara aydınlıq gətirmək istəsək də, istəyimiz baş tutmadı. Belə ki, şirkətin Milla.az saytında göstərilən nömrəyə zəng vursaq da, cavablandıran olmadı.