Sabah 17 məsciddə qanvermə aksiyası olacaq

Oktyabrın 1-də Aşura günü münasibətilə ölkəmizin 17 məscidində hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyası keçiriləcək. Qanvermə aksiyası keçiriləcək məscidlərdən 9-u Bakı, 1-i Sumqayıt şəhərlərində, qalanları isə ölkəmizin ayrı-ayrı bölgələrində təşkil ediləcək.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın verdiyi məlumata görə, ötən ilki Aşura mərasimi zamanı 4141 nəfər könüllü olaraq qan verib. Bu ilki aksiya zamanı 5 min nəfərdən çox könüllünün iştirak edəcəyi gözlənilir.

Onun verdiyi məlumata görə, məscidlərdə institut əməkdaşlarından ibarət briqadalar fəaliyyət göstərəcək və könüllülərin verdikləri qan və qan komponentləri yalnız ciddi müayinə tədbirləri nəticəsində tam yoxlanılandan sonra Qan bankına tədarük ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top