Nazirliyin "Dərnəgül"dəki yarmarkasında nə baş verir? - Stollar sökülüb aparılıb FOTOLAR

Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi hər həftənin şənbə və bazar günləri paytaxtın Binəqədi rayonu, "Dərnəgül" qəsəbəsi, Koroğlu Rəhimov küçəsi 53 ünvanında yarmarka təşkil edir. Həftəsonu rayonlardan çoxlu sayda vətəndaş öz məhsulunu bu yarmarkada satışa çıxarır. Həmin ərazidə yaşayan minlərlə ailə də alış-verişi məhz həmin yarmarkadan edir. "Yeniavaz.com" xəbər verir ki, bugünlərdə həmin ünvanda yerləşən yarmarkaya üz tutan alıcılar və satıcılar xeyli təəccübləniblər. Belə ki, yarmarkada üzərinə məhsulların yığılması üçün nəzərdə tutulmuş stollar sökülərək aparılıb. Satıcılar əvvəl bir neçə stolun sökülüb aparılacağını düşünsələr də, əksi olub. Yarmarkadakı bütün stollar sökülərək maşınlara yığılıb və naməlum ünvana aparılıb.

Hadisənin şahidi olan satıcılar "Yeniavaz.com" saytına bildiriblər ki, stolların hansı səbəbdən sökülməsi barədə onlara məlumat verilməyib. Lakin vətəndaşlar arasında söz-söhbət gəzir ki, yarmarkanın qurulmasını təşkil edən şirkətlə bura nəzarət edən şəxslər arasında pul ödənməməsi səbəbindən narazılıq yaranıb. İddialar var ki, yaxın günlərdə yarmarkanın yerləşdiyi ərazidə quraşdırılmış digər dəmir "karkas"lar da söküləcək. Hər həftə burada məhsul satıb ailəsini dolandıran şəxslər isə yarmarkanın fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlərdən narahatdırlar. Gözlənilənlərin əksinə olaraq, yarmarka bu gün öz fəaliyyətini davam etdirib. Lakin satıcılara bildiriblər ki, stollar sökülüb aparıldığı üçün onlar öz məhsullarını yerə töküb satmalıdırlar. "Satıcılar təki məhsulumuzu sataq" deyib bu təkliflə razılaşıblar. Kimisi evdən özü ilə gətirdiyi kiçik stolların üzərinə, kimisi yerə əski sərməklə, kimisi kağız üzərinə yığmaqla öz məhsulunu satışa çıxarıb. Bunu görən alıcılar təəccüblənib və nə baş verdiyini anlaya bilməyiblər.

Bəs baş verənlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyində nə düşünürlər? Yarmarkadakı stolların niyə sökülməsi, hara aparılması ilə bağlı onlarda məlumat varmı?

"Yeniavaz.com" saytına açıqlama verən Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, məsələdən xəbərdardırlar və narahatlığa əsas yoxdur: "Yarmarka bildiyiniz kimi, xeyli vaxtdır fəaliyyət göstərir. Orada quraşdırılmış stolların xeyli hissəsi qırılmışdı, bəziləri nasaz vəziyyətdə idi. Belə qərara alındı ki, onlar tamamilə sökülsün və təmir edilsin. Həmin stollar başqa əraziyə daşınaraq təmir olunur. Təmir başa çatan kimi yenidən yarmarkaya qaytarılacaq və öz yerində quraşdırılacaq. Yəni narahatlığa bir əsas yoxdur".

M. Hacıyevin dediyinə görə, yayılmış söz-söhbətlərlə əlaqədar bir qrupu satıcı da Nazirliyin binasına gəlib: "Onlar nazirliyə gəldilər və dedilər ki, belə bir söz-söhbət yayılıb, iddilar var ki, yarmarka bağlanacaq və s. Onların diqqətinə yarmarkanın bağlanmayacağını, öz fəaliyyətini davam etdirəcəyini çatdırdıq. Yarmarkanın digər dəmir əşyalarının da söküləcəyi barədə yayılmış məlumatların heç bir əsası yoxdur. Onlara dedik ki, gedin rahat öz işinizi davam etdirin. Başqa söz-söhbətə ehtiyac yoxdur. Həmin əraziyə alış-verişə gələnlərə də saytınız vasitəsi ilə bildirmək istərdik ki, narahat olmasınlar, yarmarka əvvəlki qaydada işini davam etdirəcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top