Binəqədi şossesində yaranan problemlə bağlı "Azəravtoyol" açıqlama yayıb

"Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi xəbər saytlarında Binəqədi şossesində guya təmir işlərinin keyfiyyətsiz aparıldığı və ya ümumiyyətlə aparılmadığı, yolun təmirinə ayrılan pulun mənimsənildiyi, aidiyyəti qurumların vətəndaşları aldatdığı və onların bu problemi üçün heç bir iş görmədiyi üçün yağışlardan sonra yenə həmin yolda problemin yaranması kimi məlumatlar yayılır. Bildirmək istəyirik ki, deyilənlər heç bir həqiqəti əks etdirmir". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri "Azəravtoyol" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, həmin yol boyu yağış sularının kənarlaşdırılması üçün yeni yağış kollektorunun inşası ilə bağlı "Azəravtoyol" və "Azərsu" ASC-lər tərəfindən işlər aparılıb, aidiyyəti qurumlar tərəfindən yeni su və qaz xətləri çəkilib, rabitə və enerji xətləri yoldan kənarlaşdırılıb: "Hazırda həmin yağış kollektoruna səth sularının ötürülməsi üçün yol kənarında yağış-kanalizasiya quyularının inşası və kollektora qoşulması işləri aparılır. Yəni o yolda səth sularının kənarlaşdırılması üçün sistem ümumiyyətlə olmayıb və yeni yaradılan sistemin qurulması üçün işlər yekunlaşmayıb. Bu işlər yaxın günlərdə yekunlaşdırılacaq.

Qeyd edilən işlər yekunlaşdırılmadan isə yolun təmirindən söhbət gedə bilməz. Yalnız bundan sonra o yol əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə veriləcək və bundan sonra Binəqədi şossesində intensiv yağıntılar nəticəsində yaranan problemlərin tam olaraq aradan qalxacağı gözlənilir.

"Azəravtoyol" ASC və "Azərsu" ASC, Binəqədi rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar Binəqədi şossesində yaranan problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışırlar. Yaxın müddətdə bu işin nəticəsini əyani olaraq görmək mümkün olacaq".

DİGƏR XƏBƏRLƏR

Top