
"Hər il qışda dəm qazından çox adam zəhərlənir. Belə təhlükə hər birimizi gözləyir. Hamısının da səbəbkarı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsiləri (MTİİTM) el arasında "JEK" kimi tanınan təşkilatdır. Bizim işimiz "JEK"ə qaldısa, heç nə! Axı, fəaliyyəti olmayan bir idarədən nə gözləyəsən ki?!". Bunu Ağdaş rayon H. Əliyev prospektində yerləşən 163 nömrəli bina sakinlərdən biri II qrup əlil Ağayeva Cəmilə Şəmil qızı deyir. Onun sözlərinə görə, köhnə 2 mərtəbəli binalarda yaşayırlar.
Havalar soyuyandan bəri dəfələrlə mənzil-istismar sahəsinə (JEK) müraciət etsək də, gəlib damda tüstü bacalarını təmizləməyiblər: "İstilik sistemi bizdə əvvəldən yoxdur. Mənzillərimiz "kamin"lərlə qızır. Binalar tikiləndə istilik üçün "kaminlər" quraşdırılıb. Əvvəllər hər il payız aylarında bacalar təmizlənirdi. İndi isə bunu etmirlər. Bu il isə nə qədər müraciət etsək də, reaksiya yoxdur. Bir balaca güclü külək əsən kimi, qazın hisinin hamısı evlərimizdədir. Bundan başqa binanın girişləri bərbad vəziyyətdədir, tavanları hissə-hissə uçur. Tavandan qopub tökülən beton parçaları altından keçən körpələr, yaşlılar xəsarət alarsa, kim məsuliyyət daşıyacaq?! Dəfələrlə JEK-ə müraciət etdik, bizə dedilər ki, hesabımızda pul yoxdur. Bəs bizim verdiyimiz mənzil haqları hara gedir, nəyə xərclənir? Bundan əlavə, JEK-dən hər hansı bir dövlət idarələrinə ailə tərkibi haqqında arayış istədikdə vermirlər, "borcunu ödəməsən, arayış verə bilmərik" deyirlər. Qeyd edim ki, biz mənzillərimizi özəlləşdirmişik". Məsələilə bağlı Ağdaş MTİİTM-nin rəisi Natiq Əhmədovla əlaqə saxladıq. N. Əhmədov vəsaitin olmadığını və bu il heç bir təmir işlərinin aparıla bilməyəcəyini, 2018-ci ilin sonunadək problemlərin öz həllini tapacağını dedi.
Pərviz Əliyev, Ağdaş
Tətbiqimizi yükləyə bilərsiniz