Azərbaycanlı alimə Almaniyada beynəlxalq mükafat verildi VİDEO

Almaniyanın Legau şəhərində Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması mərasimi keçirilib. "Yeniavaz.com" xəbər verir ki, bu mükafat hər 3 ildən bir Ekoloji Kənd Təsərrüfatı sahəsində görülən önəmli işlərə və dünya ölkələrində iqtisadi, sosial və ekoloji inkişafa töhfələr vermiş şəxslərə və təşkilatlara təqdim olunur. 2017-ci il müsabiqəsinin qaliblərindən biri tanınmış azərbaycanlı alim, torpaqşünas, Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının banisi, AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Hacıbaba oğlu Babayev olub.

Onun 20 ildən artıq bir dövrdə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafı sahəsinə, o cümlədən ETKT-nin Azərbaycanda təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin ali kadr hazırlığı işinə gətirdiyi dəyərli töhfələri, elmi təqdiqatların aparılması və praktiki sahədə əldə olunan nəticələri bu müsabiqənin qalibi olmasına əsas olub. Mükafatı professor A. Babayevə Almaniyanın İqtisadi İnkişaf naziri Dr. Gerd Müller təqdim edib. Mərasimdə Kənd Təsərrüfatı sahəsi üzrə dünyanın tanınmış liderləri, siyasi xadimləri və bu sahə üzrə peşəkar mütəxəssislər olmaqla 800-dən artıq qonaq iştirak edib.

Qeyd edək ki, OWA mükafatı professor Amin Babayevə təqdim olunan üçüncü beynəlxalq mükafatdır. O daha öncə BMT-nin Lomonosov ordeni və Alim ulduzu kimi mükafatlara layiq görulməklə yanaşı, bir neçə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib. A. Babayev həmçinin 2002-ci ildən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM-ın), 2004-cü ildən Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyasının (EUCARPİA-nın), 2004-cü ildən Amerika Torpaqşünaslar Cəmiyyətinin və Amerika Aqronomlar Cəmiyyətinin (ASA-nın) üzvü olmaqla yanaşı, öz ixtisası üzrə bir çox beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və redaktor müavindir.

alim

DİGƏR XƏBƏRLƏR

Top