Arzu Nağıyev: "Separatçı rejim bu bəyanatla gündəmə gəlmək məqsədi güdür"

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma Xarici İşlər Nazirliyi bəyanat yayaraq Kürdüstanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumu dəstəklədiyini açıqlayıb. Bəyanatda bu cümləyə də yer verilib: "Kürdüstanın müstəqilliyini qazanması onun müstəsna hüququdur".

Ekspertlər bu fikirdədirlər ki, Ermənistan hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü isə susur. Onların qənaətincə, Ermənistan Xarici İşlər Nazirliyi belə bir bəyanat verərsə, o zaman həm İranla, həm də İraqla münasibətlər gərginələşər və özü çətin vəziyyətdə qalar. Ona görə də Ermənistan rəhbərliyi özünün dilə gətirmək istəmədiyi fikirləri məhz separatçıların adından gündəmə gətirib.

Məsələ ilə bağlı "Yeniavaz.com" saytının suallarını politoloq Arzu Nağıyev cavablandırıb: "Qondarma Dağlıq Qarabağ rejimi əgər bir dövlət kimi tanınmayıbsa, hansı əsaslara görə belə bir bəyanatla çıxış edə bilər? Onların bəyanatı məlumdur ki, sırf özlərindən uydurma bir məsələdir. Eyni zamanda Ermənistan bu kartdan istifadə etmək istəyirsə, heç bir vaxt Kürdüstanın müstəqilliyini tanımağa cürət edə bilməz. Çünki burada İranın marağı var. İran əgər regionda Ermənistanın tərəfdaşı kimi çıxış edirsə, bu addımı necə ata bilər? Müstəqil olaraq Ermənistan öz fikrini çatdıra bilmədiyi üçün məhz separatçılardan istifadə edir. Bu gün qondarma Dağlıq Qarabağ rejimini heç Ermənistanın özü də tanımır. Necə ola bilər ki, separatçı Dağlıq Qarabağ rejimi Kürdüstanın referendumunu tam şəkildə qəbul edə bilir?".

Politoloq qeyd edib ki, separatçı Dağlıq Qarabağ rejimi bu bəyanatla özünün varlığını gündəmə gətirmək məqsədi güdür: "Burada əsas məsələ odur ki, onlar özlərinin varlığını bir daha gündəmə gətirməyə çalışırlar. Putinlə Ərdoğanın görüşündən sonra müəyyən məsələlərə aydınlıq gələ bilər. Çünki regionda demək olar ki, Kürdüstanın referendum keçirməsini dəstəkləyən bir dövlət yoxdur. Bunu ancaq İsrail dəstəkləyir və Qərb dolayı yollarla bu referendumun keçirilməsinə rəvac verir. Bu gün hər hansı bir qondarma qurumun Kürdüstanda keçirilən referendumu tanıması absurd məsələdir. Bundan əlavə, onlar əgər tanımaq məqsədi güdürlərsə, deməli, İraqın ərazi bütövlüyünə xələl gətirən bəyanatla çıxış edirlər. Əgər onlar hər bir millətin öz müqəddəratını həll etmə məsələsini ortaya qoymağa çalışırlarsa, bu, Ermənistanın və separatçıların dəst-xəttidir. Bu da bütün beynəlxalq prinsiplərə, eyni zamanda BMT-nin ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi hər bir qərara zidd, qeyri-qanunidir. Onların tanıması da İraqın suverenliyinə əks olan bir məsələdir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top