Deputat İraq kürdlərinin Azəraycandakı “dəstəkçiləri”ndən danışacaq

“Bu hadisələrdən ən çox əziyyət çəkən dövlət əlbəttə, Türkiyə olacaq. Ümumiyyətlə, bölgə üçün çox dəhşətli, qəbuledilməz bir məsələdir. Bu, bölgədə gərginliyi artıracaq. Həm Türkiyə, həm İran, həm İraqın özü məsələ ilə bağlı çox ciddi addımlar ata bilərlər. Ərdoğan da qeyd etdi ki, bir gecə qəfildən ora girə bilərlər”. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov İraq Kürdüstanındakı “müstəqillik referendumu”na münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, Kürdüstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir.

“Bizim də Qarabağ problemimiz var. Biz onsuz da separatizmdən əziyyət çəkirik. Ona görə də bu referendum bizim üçün qəbuledilməzdir. İkincisi də Türkiyə bizim üçün ən önəmli dövlətdir, qardaş ölkədir, onun maraqlarına zidd addımlar həm də bizim maraqlarımıza qarşıdır”.

V.Əhmədov Azərbaycanda Şimali İraq kürdlərinin “referendum”unu dəstəkləyən tək-tək şəxslərin olmasına da münasibət bildirib.
“İstənilən muxtar vilayətlərin özlərini dövlət elan etməsi yolverilməzdir. Ümumi siyasi vəziyyətə baxmaq lazımdır. Həmçinin, orada türkmənlər var, onların vəziyyəti necə olacaq? Onlar ümumiyyətlə, bu vəziyyətlə heç vaxt barışmayacaqlar və “kürd dövləti” ideyasını qəbul etməyəcəklər, necə ki, biz razılaşmırıq. Ola bilər ki, Azərbaycanda müəyyən qruplar dəstəkləsin. Amma biz dövlət olaraq bu “referendumu” dəstəkləməməliyik və mən millət vəkili olaraq bunu heç vaxt qəbul etmərəm”.

Deputat şübhə etmir ki, məsələyə rəsmi səviyyədə reaksiyalar olacaq. “Bununla əlaqədar olaraq müəyyən narahatlıqlar var. Mən görürəm ki, mətbuatda narahatlıqlar ifadə olunur və bu, davam edəcək. Mən payız sessiyasının ilk iclasında İraq kürdlərinin Azəraycandakı dəstəkçiləri ilə bağlı məsələni də qaldıracam”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top