Mingəçevirdə görünən naməlum obyektin nə olduğu müəyyənləşdi VİDEO

Azərbaycanda ötən gecə havada hərəkət edən qeyri-adi obyekt görünüb.

Qeyri-adi obyekt axşam saat 20:00 radələrində Mingəçevir şəhəri ərazisində müşahidə edilib.

Yerli sakinlərin sözlərinə görə, parlaq işıqları ilə diqqət çəkən naməlum obyekt qısa müddət ərzində səmada bir neçə dəfə dövrə vurduqdan sonra sürətlə gözdən itib.

Qeyd edək ki, ötən gecə Rusiya, Qazaxıstan və Qırğızıstanda da səmada analoji naməlum dairəvi obyektin göründüyü barədə məlumatlar yayılıb.

Belə məlum olub ki, ötən gün Rusiya özünün “Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə “eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb. Raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb.

Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada “naməlum uçan obyekt” göründüyü haqda sosial şəbəkələrdə bir-birlərini xəbərdar ediblər. Raket Azərbaycan və Ermənistanın da "üzərindən" keçib. Nəticədə bəzi sakinlər ballistik raketi uçan naməlum obyekt zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytlardan birinə danışıb ki, o, ötən gün axşam səmada naməlum obyekt görüb. Sakin obyektin səmada işıq saça-saça uçduğunu, daha sonra yox olduğunu deyir.

Tatarıstanda da “Topol-M” raketinin uçuşunu izləyiblər və çoxları bunu UFO hesab edib. Həştərxan sakinləri raketin əsas hissəsindən ayrılaraq hədəfə şığıyan döyüş başlığını da görüblər və bunu “partlayan ulduz”, “kometa” zənn ediblər. Rostov sakinləri də səmada naməlum uçan obyekti görərək sosial şəbəkələrdə qızğın müzakirə ediblər.

“Elə indicə səmanın ortasında uçan naməlum obyekt göründü. Qətiyyən təyyarə deyildi, işıqları yanıb-sönmürdü, daha sonra obyekt spiral kimi fırlanmağa başladı və bir-iki saniyəyə yoxa çıxdı. Mən bunu görən tək adam deyildim, 4 yaşlı şəxs və 2 uşaq da eyni şeyi gördü. Biz hamımız ayıq idik”-Rostov sakinlərindən biri sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Rusiya sentyabrın əvvəllərində Plesetsk poliqonundan “eksperimental başlıqlı “Yars” ballistik raketini buraxıb. Raket Kamçatkadakı Kura poliqonunda təyin edilmiş hədəfi vurub.(virtualaz.org)

uno

DİGƏR XƏBƏRLƏR

Top