Millət vəkilindən təklif: "26-lar"ın yeni məzarları ləğv edilməlidir


Azərbaycan tarixinin qara səhifələrindən olan 26 Bakı komissarının izinin birdəfəlik itirilməsi təklif olunur. Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımını həyata keçirmiş 26 Bakı komissarının mənəvi varislərinin ideoloji babalarının xatirəsini canlandırmaq cəhdləri səngimir.

Azərbaycandakı bir qrup kommunistin xalqımızın cəlladı olan 26 Bakı komissarının bir neçə il əvvəl Suraxanıya köçürülmüş məzarlığını ziyarət etməsi ətrafında başlayan müzakirələr ara vermir.

Milli Məclisin deputatı Çingiz Qənizadənin fikrincə, ölkədə kommunist ideologiyasının qadağan edilməsinə xüsusi ehtiyac yaranmasa da, həmin təkliflərin bir qismini dəyərləndirmək mümkündür: “Hesab etmirəm ki, hazırda kommunist ideologiyasını qadağan etmək üçün xüsusi vəziyyət yaranıb. Hələ ki buna ehtiyac yoxdur. Ancaq əlbəttə ki, tariximizə, milli dövlət ideologiyamıza zidd olan bütün elementlər, rəmzlər yığışdırılmalıdır – bu, birmənalıdır. Başa düşmək olmur, 26-ların cəsədlərinin qalıqları “Sahil” bağından çıxarılandan sonra onlara yeni məzarlıq salınması nəyə lazım idi? Fikrimcə, Azərbaycan xalqına qarşı soyqırım törətmiş 26-ların yeni məzarlığı ləğv edilməlidir”.

Politoloq Əlabbas Məhərrəmov da hesab edir ki, 26-ların məzarlığının, ümumiyyətlə, sovet-bolşevik elementlərinin hələ də mövcud olması Azərbaycanın müstəqilliyinə təhqirdir: “Bəzi keçmiş sovet respublikaları hələ SSRİ dağılmazdan əvvəl oradakı kommunist simvolikalarını sistemli şəkildə yox etdilər – yəni işğalı xatırladan bütün maddi nümunələri aradan qaldırdılar. Çox təəssüf ki, Azərbaycan 26 ildir, öz müstəqilliyini bərpa etsə də, az qala hər addımda sovet simvollarına rast gəlirik”.Yenicag.az

DİGƏR XƏBƏRLƏR

Top