Bakı ilə regionlar arasında "rəqəmsal uçurum"

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan) icrası 9 il bundan əvvəl başa çatsa da, Proqramında nəzərdə tutulan bəzi məsələlərin istənilən səviyyədə həyata keçirilmədiyi görülür. "Yeniavaz.com" xəbər verir ki, Dövlət Proqramının 6-cı bölməsinin (Gözlənilən nəticələr) 1-ci bəndində qeyd olnur ki, əhalinin sosial təbəqələri və mərkəzlə regionlar arasında olan "rəqəmsal uçurum"un zəiflədilməsi gözlənilən əsas nəticələrdən hesab edilir... Ancaq açıqlanan rəsmi statistika göstərir ki, adambaşna düşən kompüterlərin sayına görə regionlarla mərkəz arasındakı "rəqəmsal uçurum" kifyət qədər böyükdür. Dövlət Statistika Komitəsinin 2016-ci il üçün açıqladığı statistik məlumatlarda göstərilir ki, ölkədə əhalinin hər min nəfərinə düşən kompüterlərin sayı şəhərlərdə 225 ədəd olsa da, kənd yerlərində bu göstərici 79,2 ədədə bərabər olub. Göründüyü kimi aradakı fərq kifayət qədər (2,8 dəfə) böyükdür. Bakı şəhərində hər min nəfərə düşən kompüterlərin sayı 314,2 ədəd olduğu halda Aran iqtisadi rayonunda bu göstərici cəmi 64,9 ədəd olub. Paytaxt Bakını Yuxarı Qarabağ iqtisadi rayonu ilə müqayisə etdikdə isə vəziyyət daha acınacaqlı görünür. Bu iqtisadi rayonda hər min nəfərə düşən kompüterlərin sayı paytaxtla müqayisədə 15,4 dəfə az olub.

Qeyd edək ki, Komitənin məlumatında ölkə üzrə evlərdə ümumilikdə 1 milyon 516 min ədəd kompüterin olduğu bildirilir. Bu kompüterlərin təxminən yarısı - 705 min 590 ədədi Bakı şəhərinin payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top