Dünyanın nüfuzlu qurumlarında olan Dünya İqtisadi Forumu (DİF) 2017-2018-ci illər üçün 137 ölkəni əhatə edən iqtisadi rəqabətlilik reytinqini açıqlayıb. "Yeniavaz.com" hesabata istinadən xəbər verir ki, Azərbaycan ötən illə müqayisədə 2 pillə irəliləyərək dünyanın ən böyük iqtisadiyyatına sahib 19 ölkəni və Avropa Birliyinin bir arada birləşdirən "G-20" qrupuna (Group of 20) üzv olan İtaliya, Türkiyə, Braziliya, Argentina, Rusiya, Meksika və Hindisatan kimi nəhəng iqtisadiyyatları qabaqlayaraq 35-ci sıraya yüksəlib.
Dünya İqtisadi Forumunun veb-saytında (www.weforum.org) yerləşdirilən ölkələrin iqtisadi rəqabətliliyi ilə bağlı hesabata ("The Global Competitiveness İndex 2017-2018") istinadən apardığımız hesablamalar göstərir ki, Azərbaycan, ötən ildə olduğu kimi, cari ildə də MDB və region dövlətləri arasında öz lider mövqeyini qoruyub. Ölkəmiz iqtisadi rəqabətlilik üzrə keçmiş sovet respublikaları arasında yalnız Estoniyadan geridədir. Digər keçmiş sovet respublikaları və region ölkələrindən isə öndədir. Hesabatda MDB və region ölkələri arasında Türkiyə 53-cü, Qazaxıstan 57-ci, Rusiyaya 38-ci, Gürcüstan 67-ci, Ukrayna 81-ci, İran 69-cu, Ermənistan isə 73-cü sırada yer alıb. Hesabatda həmçinin göstərilir ki, Azərbaycan iqtisadi rəqabətliyə görə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkəsini qabaqlayır.
Onu da bildirək ki, Dünya İqtisadi Forumunun açıqladığı iqtisadi rəqabətlilik reytinqini bazar institutlarının inkişaf səviyyəsi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyənin səviyyəsi, maliyyə bazarlarının inkişafı, investorların müdafiəsi, nəqliyyatının keyfiyyəti və digər meyarlar üzrə araşdırıb. Hesabatda ən aşağı göstərici (3,8 bal) maliyyə bazarlarının inkişafı sahəsində qeydə alınıb. Azərbaycan maliyyə bazarlarının inkişafı üzrə 137 ölkə arasında 79-cu yerdə qərarlaşıb. Ən yaxşı nəticə isə əmək bazarının səmərəliliyi sahəsində qeydə alınıb. Bu sahədə Azərbaycan 137 ölkə arasında 17-ci yerə sahib olub.