"Azərbaycanın efir məkanı ya yerində sayır, ya da geriyə doğru gedir"

ATV ətrafında baş verənlərdən sonra bir anlıq "Teleradio fəaliyyəti haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "İnformasiya əldə edilməsi haqqında" qanunların qəbul edilməsi prosesini xatırladım. O zaman bu qanunların az qala hər bir maddəsi üzrə qızğın ictimai müzakirələr keçirilirdi". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.

"Bəzən qanunlar parlamentdən geri qaytarılırdı, hətta olurdu ki, Prezident son anda layihəni imzalamayıb geri qaytarırdı. Biz düşünürdük ki, bununla gələcəkdə Azərbaycanın teleradio və informasiya məkanında, milli efirimizdə ciddi uğurlar əldə edəcəyik. Xatırlayıram ki, bəzi məqamlarda bizim qanunvericilik qonşu ölkələrdən, məsələn, Rusiyanın müvafiq qanunlarından daha liberal, daha demokratik idi. Hətta Avropa standartlarından da üstün məqamlar vardı.

Amma sonradan bu qanunların icrası ilə bağlı real vəziyyət gözlədiyimiz kimi olmadı. Tam səmimi deyirəm ki, ötən dövrdə Rusiyanın TV kanalları daha çox irəli getdilər. Həm mahiyyətcə, həm də texnoloji imkanları ilə. Birmənalı şəkildə demək olar ki, populyar rus TV kanallarının əksərində plüralizm, alternativ fikir, ictimai maraq kəsb edən mövzular, canlı yayım həmişə tapmaq mümkündür. Bizdə isə görünən budur ki, hətta peşəkar kadrlar olsa da, imkanlar olsa da vəziyyət qənaətbəxş deyildir, bütövlükdə Azərbaycan efir məkanı ya yerində sayır, bəzi sahələrdə isə hətta geriyə doğru gedir. Aktual canlı yayımlar yoxdur, plüralizm yetərli deyil, hər gün eyni şəxslər efirə çıxıb bir-birini təsdiqləməklə verilişi başa vururlar, əyləncənin, şounun xüsusi çəkisi çoxdur. Nəticəsi də ondan ibarətdir ki, Azərbaycanın efir məkanının ictimai rəyə təsir imkanları günü-gündən aşağı düşür, auditoriya kifayət qədər daralıb. Peyk və kabel vasitəsilə yayımlanan kanallar, İP TV-lər milli televiziya kanallarını tam küncə sıxışdırıb.

Bu isə informasiya sahəsində bizim milli maraqlarımlza heç bir halda uyğun bir hal deyil. Bu sahəni tənzimləməli olan MTRŞ həmişə səlahiyyətsizlikdən şikayətlənib. ATV ətrafında baş verənlərdən sonra isə məlum oldu ki, MTRŞ teleradio yayımçısının kadr siyasətinə də müdaxilə edib. Əslində xoşagələn bir hal deyil. Təəssüf ki, efirə ictimai nəzarət imkanları da yetərli deyil. Ümid edək ki, hökumət Azərbaycanın efir məkanını normallaşdırmaq və inkişaf etdirmək üçün təsirli tədbirlər görəcək",-deyə əkspert bildirib.

DİGƏR XƏBƏRLƏR

Top