Deputatdan Laçın Rayon İcra Hakimiyyətinin şöbə müdiri barəsində sərt fikirlər

"Laçın rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev özünün "feysbuk" səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib.

"Sonradan ünvanına səsləndirilən tənqidlərə cavab verən Fizuli Tanirverdiyev "Azərbaycanda söz azadlığıdır, hərə ağzına gələni danışır. Mən də olanı danışmışam. Mənim dediklərim separatçılıq deyil, söz azadlığıdır"-deyə bildirib. Olsun. Tanirverdiyev adlı Azərbaycan vətəndaşının bu açıqlaması bu Vətəni canı qədər sevən, bu dövlətin varlığını qorumaq üçün hər cür fədakarlığa hazır olan insanlardan biri kimi məni o qədər də üzmədi. Heç olmazsa adam danışaraq hansı təhlükəli düşüncənin mövcudluğu barədə bizləri xəbərdar etdi. Bir daha başımıza döyəclədi ki, dövlət orqanlarımızın içinə bu cür separatçı güclər hansısa əllərin köməyi ilə yerləşə biliblər. Bu məsələyə hüquq-mühafizə orqanlarımız sözsüz ki, prinsipial münasibət bildirdilər və lazımi tədbirləri görəcəklər. Ancaq ermənilərin ordumuz içində agentura şəbəkəsinin ifşasından az keçmiş belə bir təhlükəli mesajın verilməsi bir daha göstərdi ki, vəziyyət ürəkaçan deyil. Azərbaycanda hər bir xalqın təmsilçisinin öz xalqını sevməyinə kimsə irad səsləndirə bilməz. Bu bir təməl insan haqqıdır. Ancaq həm Türkiyənin, həm də Azərbaycanın əleyhinə olan böyük güclərin bu layihəsini sevinclə qarşılamaq Azərbaycana və Türkiyəyə qarşı nifrəti ortaya qoymaqdır. Həm də məsul vəzifə tutan bir məmurun bunu açıq şəkildə etməsi hamımızı dərindən düşündürməlidir",-deyə Fazil Mustafa bildirib.

DİGƏR XƏBƏRLƏR

Top