Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İş yerinə dair arayış" elektron xidmətinin vətəndaşlara işəgötürənlərinə müraciət etmədən və istənilən vaxt elektron qaydada öz iş yerləri haqqında arayış əldə edə bilmələrinə imkan verməsi bu e-xidmətdən istifadə statistikasının getdikcə artmasına səbəb olur.
"Yeniavaz.com" xəbər verir ki, ötən ay "İş yerinə dair arayış" e-xidmətinə 30 min 752 müraciət qeydə alınıb ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 32 faiz, əvvəlki iyul ayına nisbətən 16,3 faiz çoxdur. Bu ilin 8 ayında isə həmin e-xidmətə ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7 faiz çox olmaqla, 192 min 22 dəfə müraciət olunub.
Qeyd olunan e-xidmətdən istifadə təlimatı da sadədir. İş yerinə dair arayış əldə etmək üçün istifadəçi "Elektron hökumət" portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından "İş yerinə dair arayış" xidmətini seçir. Bu e-xidmətə daxil olduqda müvafiq menyular ekranda əks olunur. "Yeni arayış" menyusu seçilir. Bu zaman istifadəçinin qüvvədə olan əmək müqaviləsi bildirişləri ekranda əks olunur. İstifadəçi arayış hazırlamaq istədiyi əmək müqaviləsi bildirişini seçir və "Davam et" əmrini seçir. Növbəti mərhələdə arayışın hazırlanması ilə bağlı tələb olunan məlumatlar daxil edilir. Arayışın növü seçilir. Burada "İş yerindən arayış" və ya "Əmək haqqı göstərilməklə iş yerindən arayış" seçimlərindən biri seçilə bilər. Son etibarlılıq tarixi daxil edilir. Arayışın təyinatı istifadə məqsədinə uyğun olaraq təqdim edilən siyahıdan seçilir. Bu arayış konkret quruma təqdim edilmək üçün və ya ümumi təyinatlı ola bilər. İstifadəçi onun üçün formalaşdırılmış arayışı çap edərək kağız formasında və ya hər hansı quruma elektron qaydada təqdim edə bilər.
2014-cü ilin iyul ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin tətbiq olunması həmin ilin dekabr ayından "İş yerinə dair arayış" e-xidmətinin də istifadəyə verilməsinə imkan verib. Bu isə ölkəmizdə kağız arayışların e-arayışlarla əvəz olunması prosesini əhəmiyyətli şəkildə sürətləndirməklə, bu növ arayışların alınması və təqdim olunması prosedurunun müasir qaydada, həm vətəndaşlar, həm də arayışı qəbul edən qurumlar üçün rahat və sadə şəkildə təşkilinə, həmçinin bu sahədə şəffaflığın yaranmasına səbəb olub.
"E-hökumət" portalındakı "Arayışlar" bölməsində 17 növdə e-arayış xidməti fəaliyyət göstərir ki, ötən dövrdə bu bölmə üzrə ümumi müraciətlərin 49,3 faizi (670 minə yaxın müraciət) "İş yerinə dair arayış" elektron xidmətinə aid müraciətlərdən ibarət olub.