Yazıçılar Birliyi Namiq Məna ilə bağlı xəbəri təkzib etdi: "Yalandır"

Tanınmış bədihə (meyxana) ustası Namiq Mənanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı saytlarda məlumat yayılıb. Bildirilir ki, bölmənin sədri vəzifəsinə seçki keçirilib və yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə Namiq Məna təsdiq olunub. Məsələ ilə bağlı "Yeniavaz.com" saytı əvvəlcə AYB-nin katibi, xalq şairi Fikrət Qoca ilə əlaqə saxlayıb. Xalq şairi onda bu barədə hər hansı məlumatın olmadığını bildirib: "Mən bu barədə sizdən eşidirəm. Yazıçılar Birliyində bu barədə hər hansı müzakirə aparılması və qərar verilməsi barədə məndə məlumat yoxdur. Yəqin ki, olsaydı, bilərdim".

AYB-nin mətbuat katibi Xəyal Rza "Yeniavaz.com"a açıqlamasında bu barədə yayılmış məlumatların həqiqəti əks etdirmədiyini dedi: "AYB-nin katibliyinin Namiq Mənanın Qubadlı bölməsinə sədr seçilməsi ilə bağlı hər hansı qərarı olmayıb. Yayılan məlumatın haradan qaynaqlandığını da bilmirik. Əgər AYB-nin katibliyinin bu barədə qərarı yoxdursa, belə bir şey nəzərdə tutulmayıbsa, deməli, yayılan xəbər də səhv məlumatdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top