Heyvanları öldürülən Gədəbəyli fermer: "Deyirdi mən lotuyam, haqq verməlisən"

Gədəbəyli fermer Rizvan Məmmədov öz həmyerlisindən şikayətçidir. "Yeniavaz.com" saytına müraciətində R. Məmmədov bildirib ki, Aydın adlı həmyerlisinin təşkilatçılığı və iştirakı ilə bir neçə nəfər ona məxsus 9 heyvanı öldürüblər, 7 heyvanı isə yoxa çıxıb. Gədəbəyin Qoşabulaq kənd sakini iddia edir ki, baş vermiş hadisə özünü lotu hesab edən həmyerlisi Aydına "haqq" vermədiyi üçün törədilib.

Onun sözlərinə görə, baş vermiş bu hadisədən sonra Rayon Polis İdarəsinə, Rayon Prokurorluğuna şikayət edib və hazırda iş araşdırılır: "Hadisə belə olub - mən heyvanlarımı Aydının yaşadığı Çanaqçı kəndinin 7-8 kilometrliyində yerləşən yaylağa aparıram. Həmin yaylağın özündə Aydının ərazisi yoxdur, amma onların ərazisi ilə demək olar həmsərhəddir. Biz heyvanlarımızı həmişə başqa ərazidə suvarırdıq. Axır vaxtlar su yox idi deyə məcbur olub heyvanlarımızı onun sahəsindən keçməklə suvarmalı olduq. Bildirirəm ki, həmin torpaq sahəsində hər hansı əkin, biçin, səpin yoxdur, yəni ərazi tamamilə boşdur. 3 gün ərzində heyvanlarımı çoban oradan keçirərək aparıb dərədə suvarıb. Lakin bir neçə gün sonra Aydın və başqa bir neçə tanışı çobanın qarşısını kəsərək onu hədələyiblər. Çoban görüb ki, onu döyəcəklər ərazidən qaçıb. Onlar isə heyvanları özləri ilə gətirərək bir yerə salıblar və döyüblər, əziyyət veriblər. Beləcə, heyvanlardan 8-i tələb olub. 1 heyvanın isə ölüsünü başqa yerdən tapmışıq. Polisin və rayon baytarının iştirakı ilə həmin heyvanın leşini sənədləşdirib qeyt etdik. Yoxa çıxan heyvanlarımı isə tapa bilmirik".

Rizvan Məmmədovun sözlərinə görə, Aydın və onunla birgə bu hadisəni törədənlər bu əməllərini sahələrinə ziyan vurması ilə əlaqələndiriblər: "Əgər torpaq sahəsinə ziyan dəyibsə, hamısını artıqlaması ilə ödəməyə hazıram. Mütəxəssis dəvət olunsun, əraziyə baxış keçirilsin və dəymiş ziyan müəyyənləşdirilsin. Nə olacaqsa, artıqlaması ilə ödəyəcəyəm. Amma məsələ burasındadır ki, həmin sahə boşdur, əkin yoxdur, otlaq sahəsi kimi də istifadə olunmur. O zaman hansı ziyandan söhbət gedə bilər? Onların heyvanlarımı öldürmələrinin səbəbi Aydının mənimlə prinsip aparmasıdır. Çünki neçə vaxtdır məndən haqq tələb edirdi, deyirdi ki, bu qədər sürün var, mənə faiz verməlisən. Mən isə vermirdim, ona görə də bunu etdilər. Aydın məndən 2-3 quzu istəyirdi, vermədim, ona görə də əvəzini belə çıxardı. Aidiyyəti orqanlarda hazırda iş araşdırılır. Həm məndən, həm qarşı tərəfdən izahat alınıb, sorğu-sual aparılır və araşdırma davam edir".

Fermer deyib ki, bu hadisənin obyektiv araşdırılmasını, ona dəymiş ziyanın ödənilməsini tələb edir: "İş obyektiv araşdırılsın və əgər mən ziyan vurmuşamsa, ödəyim. Həmçinin mənə dəymiş maddi ziyan da ödənilsin. Öldürülən və itən heyvanlarımın əvəzinin verilməsini tələb edirəm".

Rizvan Məmmədov onu da qeyd edib ki, bu hadisədən sonra məcburən heyvanlarını yaylaqdan kəndə gətirməli olub: "Məcbur qalıb mal-qaranı kəndə gətirdik, qoyunları da gətirməyə məcbur olacağam. Çünki indi qoyunları yaylaqda suvarmaq üçün 4-5 kilometr məsafə qət etməli oluruq".

Fermerdən soruşduq ki, bəs kəndliləriniz öz heyvanlarının suvarma problemini necə həll edirlər? Cavabı belə oldu: "Bizim kənddə hərənin 3-5 heyvanı var, onlar da kənddə qalırlar, yaylağa köçmürlər. Mənim malım da yaylaqda idi, qoyunum da".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

DİGƏR XƏBƏRLƏR

Top