Metronun havalandırma sistemini hasarladılar: bina tikilir FOTOLAR

Metronun "Azadlıq" stansiyasını başıbəlalı adlandıra bilərik. Ümumiyyətlə, o ərazidə bir neçə yerdə tikinti işləri gedir və təkcə son bir neçə ildə sayı hesabı bilinməyən ağaclar məhv edilib. Vaxtilə metronun bir neçə yüz metrliyində olan böyük bir park artıq yoxdur, sağ olsun Binəqədi Rayon İcra Hakimiyyəti - görməzliyə vurdu və o parkın yerində indi "Kristal Abşeron" şirkəti çoxmərtəbəli bina, digər sahibkarlar isə restoran və şadlıq evləri tikiblər.

Hələ bir neçə il öncə ərazi qəfil hasarlananda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətti"nə müraciət ünvanlamışdım və mənə rəsmi cavab göndərilmişdi ki, "ərazidə ağacların qırılması faktı qeydə alınmayıb". Əvvəl ərazi böyük bir yaşıllıq və çoxlu sayda şam ağaclarının əkildiyi təmirsiz bir park idi, indi isə yerində ancaq tikililər var. Görəsən, bunu Binəqədi Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi görməyib? Əlbəttə, görüblər, sadəcə ortada nə isə başqa bir səbəb var...

Bundan əlavə, metronun "Azadlıq" stansiyasının üst hissəsində bir neçə yerdə inşaat işləri aparılır ki, bunu da aidiyyəti orqanların görməməsi mümkün deyil. Əvvəl böyük yaşıllıq və kənarları açıq olan ərazidə insanlar gəzir, təmiz hava alırdılar, indi isə ərazi tikililərlə əhatə olunub.

Bu azmış kimi, bugünlərdə metronun lap yaxınlığında növbəti binanın tikintisinə başlanılıb. Düzdür, ərazi xeyli müddətdir hasarlanıb, ancaq tikintiyə yenicə başlanılıb. Burada diqqət çəkən isə həm də odur ki, "Azadlıq" stansiyasının havalandırma sistemi də hasara alınıb. Fotolardan da gördüyünüz kimi tikinti işləri metronun havalandırma sisteminə bitişik aparılır və bu, görənlərin təəccübünə səbəb olur. Ərazidə tikinti işləri aparan usta və fəhlələrdən burada nə tikildiyini öyrənməyə çalışsaq da, demək istəmədilər. Bildirdilər ki, bu barədə məlumat verə bilməzlər. Ərazinin yaxınlığında yaşayan sakinlərin dediyinə görə, burada demək olar hər gün inşaat işləri gedir. Betonlama işlərinin metronun nəfəsliyinə bitişik aparılması isə onların da təəccübünə səbəb olub.

"Buranın nə üçün hasarlandığını bilmirdik. Tikinti işləri başlayanda hər şey məlum oldu. Təəccüblüsü isə odur ki, tikintisi aparılan obyekt metronun nəfəsliyinə bitişikdir. Hələ tikinti təzə başlayıb, gör bina hazır olanda nə vəziyyətə düşəcək. Belə çıxır ki, metroya girənlər nəfəs almayacaq? Buna necə icazə veriblər, metropoliten rəhbərliyinin bundan xəbəri varmı?", - deyə parkda gəzən sakinlərdən biri bizə bildirdi.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Yeniavaz.com" saytının suallarını cavablandırıb: "Bizdə hazırda metropoliten ərazisinə hər hansı bir təhlükə törədən tikinti getmir. Metropoliten ərazisinə yaxın yerdə kimsə hər hansı bir tikinti işi aparırsa, onu mütləq razılaşdırmalıdır. Razılaşdırılanda da texniki parametrlərə baxırlar və hər hansı təhlükə varsa, ona icazə verilmir. Konkret sizin dediyiniz yer barədə mənim məlumatım yoxdur. Amma tam əminliklə deyirəm ki, əgər metropolitenin istənilən bir havalandırmasına, stansiyasına, ərazisinə ciddi bir təhlükə varsa, ona biz tərəfdən icazə verilmir".

"Ola bilərmi ərazidə iş getsin, amma Metropoliten rəhbərliyinin xəbəri olmasın?" sualımıza Nəsimi Paşayevin cavabı belə oldu: "Yox, elə bir şey ola bilməz. Biz sadəcə yerin altında deyilik, yerin üstündə də metroya aid ərazidə nə baş verirsə, onu da görürük. Əgər orada iş gedirsə, deməli, metropoliten rəhbərliyinin xəbəri var".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top