Terrorçuları zərərsizləşdirərkən ayağını itirən keçmiş əsgəri diləndiyinə görə saxlayıblar VİDEO

“2003-cü ildə "Meşə Qardaşları" adlı terrorçu dəstənin zərərsizləşdirilməsi əməliyyatında Dövlət Sərhəd Xidməti əsgəri kimi döyüşərək əlil olan şəxs indi Bakı şəhərində, "Azadlıq" metrosunun qarşısında dilənçilik edir”.

“Yeniavaz.com” xəbər verir ki, dünən sosial şəbəkələrdə yayılan video insanların marağına səbəb olub. Adəm adlı şəxs vaxtilə əsgər olub, hazırda birinci qrup əlildi.

Adəm haqda məlumat almaq üçün Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı ilə əlaqə saxladıq. İctimai birlik sədri “yeniavaz.com”a açıqlamasında bildirdi ki, Adəmin mobil telefonu demək olar ki, çox vaxt üstündə olmur: “Onun telefonuna cavab verən adam özünü Adəmin xalası oğlu kimi təqdim edir. Biz bu gün Adəmlə onun ayağına görə xüsusi mağazadan ayaqqabı almağa getməli idik. O sənədlərini bizə verməli idi ki, problemlərini həll etmək üçün, biz ictimai birlik olaraq digər təşkilatlar qarşısında məsələ qaldıraq. Bu gün xalası oğlu olduğunu deyən şəxslə danışdım. Bu şəxsi də dünən Adəmin yanında görmüşəm. Əməlli-başlı geyimli-keçimli bir şəxs idi. Mənə maraqlıdır ki, belə geyimli-keçimli bir şəxs necə qəbul edir ki, Adəm orda dilənməli olur?! Biz Adəmə dilənməməsini, heç yerə getməməsini, ona dəstək olacağımızı demişik. Amma bu gün yenidən diləndiyi yerdə polislər onu tutublar. Xətai rayonunda müvəqqəti saxlama məntəqəsinə aparıblar. Bunu xalası oğlu mənə telefonla danışan zaman dedi. Dönə-dönə təkrar edirdi ki, bilirsiz, hər dəfə Adəmi aparırdılar, gedib 50 manat verib çıxartdırırdım. Ona sual verdim ki, başa düşmürəm niyə hər dəfə Adəmi tutub aparırlar?! Mən narahatam ki, ola bilər bu yazıq Adəmdən istifadə edirlər. Mən belə başa düşürəm ki, bunlar Adəmi diləndirib polislərin əlləri ilə pulu da ala bilərlər”.

Mətanət Əsgərqızı Adəmin heç kəsinin olmadığını dedi: “Onun ata-anası yoxdur. Özünün Şamaxıda evi olub. Doğma dayısı ona ev alacağı vədi ilə evi satıb sənədlərə imza çəkdirib. Ondan sonra Adəm küçələrdə qalıb”.

İctimai birliyə gün ərzində müraciətlərin olduğunu deyən sədir əlavə etdi ki, insanlar Adəmə kömək etmək istəyirlər: “İndiki halda mən şübhəliyəm ki, Adəmdən alver məqsədilə istifadə edirlər. Bu məsələ araşdırılmalıdır. Adəm əvvəlcə xəstəxanaya yerləşdirilib, müalicə olunmalıdır. Xəstəxanada qaldığı müddətdə onun daimi qalacağı yerlə təmin etmək lazımdır. Adəmə 5-10 manat verməklə yox, bu problem kompleks həllini tapmalıdır. Biz hesab açıb az-az pul yığılmasını istəmirik, əvvəlcə sağlamlığına qovuşmalıdır. Adəmin şəkəri var, ayağının altı parça-parçadır, qanqrena başlayır. Həm də 1-ci qrup əlildir”.

Qeyd edək ki, bu məsələni ilk dəfə Əsgər Ailələrinə Dəstək İctimai Birliyi ictimailəşdirib.

Rasim Məmmədli

video

video

DİGƏR XƏBƏRLƏR

Top