Qubalı qardaşların işinə icra başçısı qarışdı: problem həll olundu

Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil edən Qubalı pəhləvanlar Laçın və Hüseyn Abdulhüseynov qardaşlarının üzləşdiyi problemlə bağlı "Yeniavaz.com" saytında yazı yayımlamışdıq. Qardaşlardan biri - Laçın Abdulhüseynovun müsahibəsi böyük səs-küyə səbəb olmuşdu.

Qeyd edək ki, ABŞ-ın "America Got Talant" istedadlar yarışmasındakı çıxışlarından bu qardaşları hər kəs tanıyır. Onların səhnədə göstərdikləri nömrələr dünyanın bir çox ölkələrinin telekanallarında nümayiş olunub və maraqla qarşılanıb. Yüzminlərlə izləyicisi olan qardaşların üzləşdiyi problemlə bu baxımdan hər kəsin maraqlanması təbiidir.

Bu gün "Yeniavaz.com" saytı ilə əlaqə saxlayan Qubalı qardaşların sözçüsü Sadiq Mirzəyev bildirib ki, artıq qardaşların bütün problemləri həll olunub. Belə ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qardaşlarla görüşüb, onların problemlərinin həlli ilə bağlı tapşırıq və tövsiyələrini verib: "İcra başçısı qardaşları qəbul etdi və onların dilə gətirdikləri məsələlərin həlli barədə göstəriş verdi. Artıq rayonda onlara torpaq sahəsi verilib, idman zalları da təmir ediləcək".

S. Mirzəyevin sözlərinə görə, Qubalı qardaşlar xarici ölkələrə idman yarışlarına gedən zaman onların yol pulu və digər xərclərinə də köməklik göstəriləcəyi bildirilib: "Bizi dinlədilər, problemləri həll elədilər, gözlədiyimizdən də artıq reaksiya verdilər. İcra başçısı tərəfindən əlavə tədbirlər haqqında göstəriş verilib. Biz də öz növbəmizdə bu diqqətə görə, Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədova, Quba Bələdiyyəsinin sədri Zakir müəllimə dərin minnətdarlığımızı bildiririk. Qubalı qardaşlar bundan sonra da Azərbaycanımızın adını ən mötəbər yarışlarda layiqincə təmsil edəcəklər".

Sonda onu da bildirək ki, qardaşların adı "Dünya rekordlar kitabı"na da düşüb. Qardaşlar hazırda xarici ölkələrin birində keçiriləcək yarışa hazırlaşırlar.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top