Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümünü açıq elan edib

Mingəçevir Dövlət Dram Teatrı "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran"la yeni teatr mövsümünü açıq elan edib. "Yeniavaz.com" xəbər verir ki, teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Tamaşanın səhnə tərtibatı, dinamikliyi, uğurlu musiqisi onları da valeh edib. Tamaşaçılar arasında Gəncə Dövlət Dram Teatrının aktyorları da olublar. Qeyd edək ki, tamaşa boyu gülüş obyektinə çevrilən Mirzə Həbib eşitdikləri ilə gördüklərinin arasında çaşıb qalır və sonda dərdini xana danışır. Öz hərəkətləri ilə vəzirindən heç də geri qalmayan, gülüş doğuran Lənkəran xanı da maraqlı bir obraz kimi yadda qalır. Tamaşada Pəri xanım, Ziba xanım, Şölə xanım, Nisə xanım rolları da böyük məharətlə ifa edilib. 800-cü il hadisələrindən bəhs edən bu komediya həmin dövrün ictimai-siyasi hadisələrinə ayna tutur. Tamaşadan sonra təqdimat mərasimi keçirilib. Teatrın rejissoru, bir qrup aktyor, aktirsa və digər işçilər bu mədəniyyət ocağının direktoru Səxavət Məmmədov tərəfindən fəxri fərmanlarla təltif olunub. Teatrla sıx əməkdaşlıq edən jurnalistlər də diqqətdən kənarda qalmayıblar. Belə ki, Esmira Hidayətova ("Yeni avaz"), Yeganə Nəbiyeva ("Mingəçevir işıqları"), Mirsədi Daşdəmirov ("Mingəçevir") "Teatrın dostları" nominasiyasına layiq görülüblər.

Məlumat üçün bildirək ki, Mingəçevir Dövlət Dram Teatrı eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. Hazırda yazıçı-dramaturq Camal Yusifzadənin "Səhər qatarı" pyesi üzərində məşqlər davam edir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, rejissor köməkçisi Xəyalə Qəmbərovadır.

Əsas rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər. Tamaşanın oktyabrın ikinci yarısında nümayışi nəzərdə tutulub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top