Yol polisi axşam vaxtı yolda qalan ailəyə yardım etdi FOTOLAR

Hacıqabulda yol polisi axşam vaxtı avtomobili xarab olub yolda qalan ailəyə yadım göstərib. "Yeniavaz.com" xəbər verir ki, hadisə rayonun Padar kəndi ərazisində baş verib. Bu barədə saytımıza yolda qalan "Mercedes" markalı, 99 XA 644 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rüstəmov Fəqan Davud oğlu məlumat verib. Onun sözlərinə görə, sentyabrın 20-i yaxınları ilə rayondan Bakı şəhərinə qayıdarkən avtomobilində texniki nasazlıq yaranıb. Yolun təhlükəsiz hissəsində maşını saxlayıb kömək göstərilməsi üçün cəhdlər edib, amma bir nəticəsi olmayıb: "Çarəsiz vəziyyətdə 2 saata yaxın dayanmışdıq ki, elə bu zaman 99 YP 863 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını bizi görüb yaxınlaşdı. Yol polisi əməkdaşı nə baş verdiyini soruşdu, mən də 2 saatdan artıqdır yolda qaldığımızı bildirdim. Yol polisi usta dəvət edib maşınımı düzəltdirmək istəsə də, alınmadı. Daha sonra mobil nömrəmi yazıb ərazidən uzaqlaşdı. Yol polisi əməkdaşı gedəndən sonra düşündüm ki, yəqin birdəfəlik getdi. Odur ki, evakuatorlara zəng vurub Bakıya neçəyə aparacaqlarını soruşdum, 160-180 manat pul istəyirdilər. Təxminən yarım saat sonra həmin dövlət yol polisi əməkdaşı mənə zəng vurub hazırda orada olub-olmadığımı soruşdu. Bildirdim ki, hələ də yoldayıq, gözləyirik. Təxminən 1 saat sonra avtomobilimi və bizi Bakıya yola salmaq üçün maşın təşkil etdi və sağ-salamat evimizə gəlib çatdıq, maşınımız isə servisə aparıldı. Evakuator bu xidmətin qarşılığında bizdən pul almadı, dedi ki, ödəniş artıq edilib".

Qeyd edək ki, Fəqan Rüstəmovun haqqında bəhs etdiyi dövlət yol polisi əməkdaşı polis mayoru Seymur Muradovdur.

F. Rüstəmov bildirib ki, məsələni ictimailəşdirməkdə məqsədi həm yol polisi əməkdaşına təşəkkür etmək, həm də bu hadisəni ictimaiyyətə çatdırmaqdır: "Dövlət yol polisi əməkdaşları haqqında saytlarda, sosial şəbəkələrdə tez-tez müxtəlif məlumatlar yayılır. Onların xəstələri Bakıya xəstəxanaya çatdırmaları, çətin vəziyyətdə qalan sürücülərə köməklik göstərmələri ilə bağlı məlumatlar yayılanda ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır, müsbət fikirlər bildirilir. Yəqin ki, bu münasibət həm də digər yol polisi əməkdaşlarını belə diqqətli olmağa, yardımsevərliyə motivasiya edir. Odur ki, haqqında danışdığım şəxsin timsalında bütün xeyirxah yol polisi əməkdaşlarına təşəkkürümü bildirirəm".

F. Rüstəmov avtomobilinin evakuatorla rayondan Bakıya gətirilməsini əks etdirən fotoları da saytımıza göndərib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top