"Beləliklə, uzun müddətdən bəri gözlənilən görüş və razılaşma baş tutub. Təhsil Nazirliyinin (TN) nümayəndə heyəti ilə Məleykə xanm Abbaszadə başda olmaqla Dövlət İmtahan Mərkəzinin nümayəndələri görüşüb 2 ildən sonra (2019-da) baş tutacaq buraxılış və qəbul imtahanlarının prinsiplərini razılaşdırıblar". "Yeniavaz.com" xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.
"İlkin rəsmi açıqlamalardan hələlik bəlli olan aşağıdakılardır:
1. Buraxılış və qəbul imtahanları test sistemi əsasında mərkəzləşdirilmiş qaydada DİM tərəfindən təşkil olunacaq.
2. Testlərin mahiyyəti yeni proqramlara uyğun olaraq dəyişdiriləcək və təkmilləşəcək.
3. Buraxılış və qəbul imtahanları birləşdiriləcək. Belə ki, imtahanlar ayrı-ayrılıqda təşkil olunsa da nəticələr qəbul üçün əsas olacaq.
4. 11-cilərin buraxılışında əvvəlki qaydada 3 imtahan olacaq və qəbulda bu imtahanların nəticəsi nəzərə alınacaq.
5. Qəbul imtahanın sayı 3-ə endiriləcək.
6. Belə güman etmək olar ki, klassik ixtisas qrupları ( I, II, III və IV-cü qruplar) sistemi ləğv olunacaq. Güman ki, şagirdin seçdiyi ixtisasa uyğun verməli olduğu 3 imtahan fənni yenidən müəyyən olunacaq.
7. Beləliklə, ali məktəbə qəbul olmaq istəyən şagird toplam 6 imtahan vermiş olacaq".
Ekspert bildirib ki, bu modelin tətbiqi ilə bağlı müəyyən suallar hələ də aydın deyil:
"1. Düşünürəm ki, yeni model təhsilalanlar üçün daha məqbul hesab oluna bilər.
2. İndiyədək buraxılış və qəbul imtahanlarının mahiyyəti kəskin fərqlənirdi. İmtahan fənlərinin təkrarlanmasına yol verilməyəcəksə, qəbula uyğun imtahan nəticəsində yekun nəticələr bu ilkindən də daha pis ola bilər.
3. İxtisas fənlərinin seçimi buraxılış imtahanlarına uyğun olarsa, hansı prinsip əsas götürüləcək?
4. Bütövlükdə proqramın mənimsənilməsini yoxlamaq və seçdiyi ixtisasa uyğun bilik və bacarıqları yoxlamaq üçün hansı yanaşma olacaq? Yenə də 2 mərhələli sistem tətbiq olunacaqmı?
5. İxtisas üzrə imtahan fənlərinin siyahısı necə müəyyən olunacaq? Ümid edirəm ki, hər iki qurumun razılaşdırdığı model tezliklə ictimai müzakirəyə təqdim olunacaq".