Torpağın təyinatı hansı hallarda dəyişdirilə bilər?

Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən, torpaqlar hansı təyinatlı ola bilər və torpağın hansı təyinata uyğun olub-olmadığı necə müəyyən edilir? Torpaqların təyinatı hansı hallarda dəyişdirilə bilər və bu dəyişiklik hansı formada həyata keçirilir? "Yeniavaz.com" saytı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə İstinadən bildirir ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqlar təyinat üzrə təsnifatlaşdırılır: "Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, respublikanın torpaq fondu 7 kateqoriyaya bölünüb:

- kənd təsərrüfatı təyinatlı torpaqlar;

- yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;

- sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;

- xüsusi qorunan ərazilərin torpaqları;

- meşə fondu torpaqları;

- su fondu torpaqları;

- ehtiyat fondu torpaqları.

Məcəllənin tələblərinə əsasən, hər bir kateqoriyalı torpaqlar özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərirət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.

Torpaqların təyinatını dəyişmək ehtiyacı hər hansı dövlət əhəmiyyətli layihələr və ya sifarişlər həyata keçirilərkən, torpağın təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda, subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə yarana bilər.

Bu halda torpağın qanuni istifadəçisi olan fiziki və hüquqi şəxslər, yerli icra hakimiyyəti orqanları həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə vəsatət qaldıra bilər. Rəsmi qaydada müraciət daxil olduqdan sonra yuxarıda göstərilən tələblər əsasında torpağın təyinatının dəyişdirilməsi posesinə başlana bilər. Yəni bütün hallarda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yarandıqda torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının məsələyə münasibəti (rəyi) verildikdən sonra, sifarişçi tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) təqdim olunur. ƏMDK yanında yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əgər sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı qərar (sərəncam) verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökumətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir".

DİGƏR XƏBƏRLƏR

Top