Aprel döyüşlərinin qəhrəmanı Rüstəm Əhmədovun ad günüdür FOTO

Mingəçevirin aprel şəhidi Rüstəm Oruc oğlu Əhmədovun doğum günü qeyd edilib. "Yeniavaz.com" xəbər verir ki, ailəsi şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin iki oğul övladları Nurlan və Fərda (2-3-cü sinif şagirdləridir) böyüyəndə atalarının qisasını ermənilərdən alacaqlarını bildiriblər. Şəhidin atası Oruc Əhmədov deyir ki, Rüstəm gözümün qarası idi. "İndi onun övladları ilə nəfəs alıram" deyən və göz yaşlarına hakim olmayan ata yenə də "Vətən sağ olsun" dedi: "İnanırıq ki, torpaqlarımız ermənilərdən azad olunacaq və övladlarımızın qanı yerdə qalmayacaq. Biz valideynlər bu günü gözləyirik".

Qeyd edək ki, kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu 2016-cı il aprel ayının 14-də şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal" ilə təltif olunub.

Aprel döyüşlərində Mingəçevir 4 şəhid verib. Ruhları şad olsun.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top