Açıqlamaları ilə məmurları işə salan qohumları (SİYAHI)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, hacı Allahşükür Paşazadə ilə bağlı son günlər mətbuatda müxtəlif məlumatlar yayılır. Gah onun oğlunun Azərbaycandan birdəfəlik getdiyi, gah Çexiyada biznes ortağının üzə çıxdığı iddia olunur. "Yeniavaz.com" xəbər verir ki, jurnalistlər isə yayılan məlumatların nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək üçün şeyxin qudası, sabiq deputat Hacı Qaliblə əlaqə saxlayır, münasibətini öyrənirlər. Lakin baş verənlərdən belə qənaətə gəlmək olar ki, hörmətli Hacı Qalib "qaş düzəltmək istəyərkən göz çıxarır".

Məsələn, şeyxin oğlunun ölkədən birdəfəlik getməsi xəbərini onun yaxınları təkzib edərkən, Hacı Qalib saytlara açıqlamasında belə demişdi: "Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm".

Bu gün Hacı Qalib müsahibəsində yenə də şeyxin oğlunu müdafiə etmək istəyib, ancaq bu dəfə də dedikləri əks effekt verib, saytlarda xəbər başlığı olub: "Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin varisi kim ola bilər? Dedim ki, mənim varisim oğlum deyil? Şeyxin də varisi oğlu olar da... Yəni Şeyxin var-dövləti oğluna qalar da. Sonra sözü fırlatdılar ki, Şeyxin varisi oğlu olacaq. Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?".

Hacı Qalibin "şeyxin oğlu 2 rükət namazı güclə qılır" deməsi yenə də əks effekt verib.

Yəqin elə buna görədir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin yaydığı bəyanatda bu fikirlər yer almışdı: "Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur. Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik".

Ümumiyyətlə, istər yüksək vəzifədə olanlar, istərsə də digər tanınmışlar arasında qohumunu, dostunu müdafiə etmək istəyərkən açıqlamaları ilə onlara problem çıraxanlar kifayət qədərdir. Son illər belə halların tez-tez şahidi oluruq. "Yeniavaz.com" saytı həmin şəxslərin siyahısını hazırlayıb...

Ziya Məmmədov nazir olarkən onunla bağlı yayılan qalmaqallı xəbərlərə münasibət bildirən qardaşı Elton Məmmədov idi. Elton Məmmədov təbii ki, qardaşını müdafiə etmək, yayılan məlumatların əsassız olduğunu sübut etmək üçün müxtəlif açıqlamalar verirdi, lakin bəzən həmin açıqlamalar əks effekt verirdi.

Ziya Məmmədov vəzifəsini itirəndən sonra da jurnalistlər onunla bağlı məlumatları dəqiqləşdirmək üçün Elton Məmmədovla əlaqə saxlayırdılar. Məsələn, işdən çıxarılandan sonra Elton Məmmədov açıqlama verdi ki, qardaşı Quran öyrənməyə başlayıb. Saytlar bundan xəbər hazırladılar və adını da qoydular "Ziya Məmmədov Qurana başladı".

Z. Məmmədovun ölkədən getməsi ilə bağlı sualı cavablayan Elton Məmmədov demişdi ki, qardaşının belə bir fikri yoxdur və ölkəni ancaq şərəfsiz adamlar birdəfəlik tərk edər. Elton müəllimin bu açıqlaması da xəbər başlığı olmuşdu: "Elton Məmmədov: "Ölkəni şərəfsizlər tərk edər".

Bundan bir neçə gün sonra Elton Məmmədov jurnalistlərə açıqlamasında bildirdi ki, Ziya Məmmədov ona barəsində danışmağa qadağa qoyub: "Ziya müəllim istəmir ki, mən onun adından açıqlama verəm. Xahiş edirəm, bu məsələlərlə bağlı mənə zəng vurmayın. Özümlə, işimlə bağlı istənilən sualı cavablandıra bilərəm, ancaq bundan sonra Ziya Məmmədovla bağlı suallara cavab verməyəcəyəm".

Deputat Astan Şahverdiyevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovu və nəvəsini müdafiə etmək məqsədi ilə verdiyi açıqlama da əks reaksiya doğurmuşdu. Qeyd edək ki, Astan Şahverdiyevlə Əli Həsənovun sinif yoldaşı, dost və uzaq qohum olduğu bildirilir. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat A. Şahverdiyev Əli Həsənovun nəvəsinin törətdiyi dəhşətli qəza ilə bağlı açıqlama verərkən hadisə zamanı Nailin evdə olduğunu bildirmişdi. Demişdi ki, bunu sübut edə biləcək şahidlər də var: "Qəza törədilən zaman Əli Həəsnovun nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır". Lakin rəsmi qurumların verdiyi açıqlamada, yayılan fotolarda qəzanı Əli Həsənovun nəvəsinin törətdiyi, onun hadisə zamanı sükan arxasında olduğu bildirildi. Beləliklə, A. Şahverdiyev "qaş düzəldərkən göz çıxardı".

A. Şahverdiyev bundan öncə isə Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırmaqla həm özünü, həm də yaxınlarını çətin vəziyyətdə qoymuşdu. Ə. Həsənov mətbuata açıqlamasında "Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir" demişdi.

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudası Cahangir Hacıyevin açıqlamaları bir neçə dəfə birinciyə "başağrısı" yaradıb.

İş adamı Həbib Axundovun bəzi açıqlamaları mətbuatda uzun müddət müzakirə olunub, adı qalmaqallarda hallandırılıb. Məlumat üçün bildirək ki, Həbib Axundov millət vəkili Elmira Axundovanın oğludur.

Azərbaycanın xalq artisti Zeynəb Xanlarova da bir neçə dəfə qardaşı qızı, aktrisa Mehriban Xanlarovanın açıqlamaları ilə gündəmə gəlib. Bundan əlavə, özünü aktrisanın həyat yoldaşı kimi təqdim edən Etibar adlı şəxs Zeynəb Xanlarovaya müraciət edərək, Mehriban Xanlarovanın ona 50 min manata yaxın borcunun olduğunu bildirmiş, bu isə böyük səs-küyə səbəb olmuşdu.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top