Türkiyənin inşaat şirkətinin Rusiyadakı ofisinə polis basqını olub.
“Yeniavaz.com” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyədə prezident sarayını, bir neçə böyük şəhərin xəstəxanalarını, çox sayda ticarət mərkəzləri və digər böyük binaları tikən “Rönesans İnşaat”ın Sankt Peterburq şəhərindəki ofisində Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən əməliyyat keçirilib.
İddiaya görə, buna səbəb şirkətin Rusiyadan 1.7 milyard dollar pul çıxarması olub.
“İnterfax”ın xəbərinə görə, FTX şirkətin ofisinə keçən həftə basqın edib. Əməliyyat zamanı komputerlər və mühasibatlıq sənədləri yoxlanılıb və nəzarətə götürülüb.
Məsələ ilə bağlı “Hürriyet”ə açıqlama verən “Rönesans İnşaat”ın rəhbərliyi bildirib ki, şirkətin Rusiyadakı ofisində polis araşdırması olub: “Şirkətimizə qarşı hər hansı bir ittiham yoxdur. 1993-cü ildə Rusiyada qurulan və bölgədə 3 milyard dollar büdcəyə sahib olan şirkətimiz bu vaxta qədər Rusiya qanunlarına əməl edərək işləyib və uğur qazanıb. Şirkətimiz haqda çıxan xəbərlərlə bağlı konkret olaraq hər hansı hüquqi məsələ yoxdur. Biz fəaliyyətimizi Rusiya və başqa ölkələrdə davam etdiririk”.
Rasim Məmmədli