Nazirlik: "Öz işçilərimizi də pensiya qanunundakı dəyişikliklə bağlı maarifləndiririk"

"Bildiyimiz kimi, bu ilin iyulun 1-dən etibarən pensiyanın baza hissəsinin ödənilməsi ləğv edilib. Fikrimcə, bu hal vətəndaşların sosial təminat hüquqlarında bərabərsizliyə gətirib çıxarır". "Yeniavaz.com" xəbər verir ki, bunu hüquqşünas Elnur Əliyev bildirib.

Hüquqşünas qeyd edib ki, dəyişikliyə qədər 2006-cı ilədək mövcud staj 170-ə vurulub sığorta kapitalına qeyd olunur və ödəniş zamanı üzərinə 110 manat baza hissə əlavə edilirdisə, hazırda 2006-cı ilədək toplanmış staj 306-ya vurulur və bu məbləğ pensiya təyin olunması zamanı nəzərə alınır. Misalla izah etsək: 2006-cı ilədək 30 il stajı olan şəxs dəyişikliyə qədər pensiyaya çıxıbsa, hazırda ildə 30x170/12+1320 (baza hissə) = 1745 manat, eyni staj toplamış şəxs dəyişiklikdən sonra pensiyaya çıxırsa ildə 30 x 306/12=765-1320 (minimum pensiyaya çatdırılma) manat, yəni eyni hüquqi vəziyyətdə olan şəxsdən 425 manat az pensiya alacaq".

Qeyd edək ki, vətəndaşların çoxu pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişiklərdən tam məlumatlı deyillər və bu, bəzi hallarda pensiya təyinatı zamanı vətəndaşlarla dövlət qulluqçuları arasında problemlərə səbəb olur. Hətta bəzi vətəndaşlar bunu dövlət qulluqçularının qərəzi kimi başa düşürlər, yuxarı instansiyalara şikayətlər ünvanlayırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün bu problemləri aradan qaldırmaq üçün həm də öz işçiləri arasında maarifləndirmə işləri aparır. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Yeniavaz.com"a bildirilib ki, maarifləndirmə tədbirlərində Prezidentin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə "Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr qeyd olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanunu, habelə bu Qanunun tətbiqi ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının konkret fəaliyyət istiqamətləri barədə təqdimat və slaydlar vasitəsilə izahatlar verilir. 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin və qeyd olunan vaxtadək istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması barədə məlumat verilir. Həmçinin pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydaları və s. diqqətə çatdırılır. Bu məqsədlə tədbirlərin təşkil edilməsi nəzərə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top