AAAF sakinlərinin MÜRACİƏTİ YAYILDI

Bu gün AAAF Park yaşayış kompleksinin sakinlərinin etiraz aksiyası keçirməsi barədə saytlarda məlumat yayılmışdı. Sakinlər "Yeniavaz.com" saytına göndərdikləri müraciətdə etirazlarının səbəbi, şikayətləri ilə bağlı məqamlara geniş aydınlıq gətiriblər.

Bildirilir ki, uzun müddətdir ölkədən Moldovaya qaçdığı barədə söhbətlər yayılan həmin şəhərciyi inşa edən AAAF İnşaat MMC-nin sahibi Tofiq Heydərovun bu yaxınlarda ölkəyə qayıtması barədə məlumatı eşidən kimi dərhal haqlarını tələb etmək üçün şirkətin massivdə yerləşən ofisinin qarşısına toplaşıblar. Onlar Tofiq Heydərovla görüşməyi tələb ediblər: "Sakinləri qarşılayan bir neçə işçi və mühafizə əməkdaşları görüşə mane olmağa çalışıb və hər zaman olduğu kimi sakinləri yalan vədlərlə yola verməyə çalışıblar. Şirkət alqı-satqı müqavilələrində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır və bunun səbəbini maliyyə vəsaitinin olmaması kimi göstərirlər. Halbuki, bir çox sakinlərin nağd vəsait ödəyərək almış olduğu mənzillər və qalanlarının isə aylıq olaraq ödənişi həyata keçirməsi nəticəsində əldə olunan milyonlarla vəsait hesabına şirkətin sahibi və şirkətdə müxtəlif vəzifələr tutan qohumları öz gəlirlərini günü-gündən artıraraq dəbdəbəli həyat şəraiti yaşayırlar".

Sakinlər bildirirlər ki, şirkət onlara binaların fasadının daş aqlaydan olması, qazla, liftlə, çıxarışla təmin olunma barədə müqavilədə öhdəliklər götürməsinə baxmayaraq, binaların fasadı keyfiyyətsiz boyalarla rənglənib, mənzillərin divarları bu səbəbdən yağışlarda nəm keçirir və onların əziyyətlə təmirə çəkdikləri xərclərə görə maddi ziyan dəyir: "Bundan əlavə 2-3 ildir ki, söz verilməsinə baxmayaraq, binalar qazla təmin edilmir və bir çox binalarda ümumiyyətlə qaz xətləri belə çəkilməyib. Evlərin kvadratı müqavilədə göstərildiyindən azdır və bütün bunların nəticəsində onlara maddi ziyan vurulub. Binaların dövlət orqanlarının tələblərinə cavab verilməyəcək şəkildə tikilməsi, həmin orqanlar tərəfindən texniki şərtin təsdiqlənməsini sual altında qoyub ki, bu da sakinlərə mülkiyyətə dair çıxarışların verilməsini mümkünsüz hala gətirir. Binalarda lift yuvalarının tikilməsinə baxmayaraq, şirkət liftləri quraşdırmaqdan imtina edir".

"Massivdə bizim vəsaitimizi mənimsəyərək bütün işləri yarımçıq qoyan şirkət sahibi bu yaxınlarda Moldovada aldığı hektarlarla meşə sahəsində inşa etdirdiyi AAA Park Moldova şəhərciyinin açılışını edib və özünün sosial şəbəkə hesabından bu məlumatları paylaşaraq, özünü uğurlu iş adamı kimi göstərməyə çalışıb. İşlərin yarımçıq qalmasına pul vəsaitinin olmamasını səbəb göstərən şirkət rəhbərliyi hər gün yeni bir son model avtomobil alaraq rəhbər işçilərinə lüks həyat yaşadaraq sakinləri qışda soyuq evlərdə donmağa vadar edir. Şirkət rəhbəri və şirkətdə müxtəlif vəzifələrdə işləyən qohumları bahalı markalı çoxlu sayda avtomobillər, evlər, qeyri-yaşayış sahələri və digər əmlaklara məhz onları aldadaraq əldə etdikləri vəsaitlər hesabına sahib çıxıblar. Bundan əlavə məlumat yayılıb ki, şirkətin mənimsəmə və vergidən yayınması nəticəsində "Beynəlxalq Bank"a və Vergilər Nazirliyinə milyonlarla manat borcu yaranıb, bu da sakinlərdə şirkət rəhbərinin ölkədən qaçacağı barədə şübhələr yaradıb".

Sakinlər mənzilləri alarkən AAAF İnşaatın üzərinə götürdüyü öhdəliklərin neçə illərdir ki, yerinə yetirilməməsi ilə əlaqədar şirkət rəhbərliyinə müxtəlif müraciətlərinə baxmayaraq, tələblərinin yerinə yetirilməməsinin və şirkətin bununla bağlı qanunsuz hərəkətlərinin davam etdirilməsinin qarşısını almaq üçün dövlət rəhbərliyinə - cənab Prezidentə və birinci vitse-prezidentə müraciət edəcəklərini və bu tipli aksiyaları davam etdirəcəklərini bildiriblər.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

DİGƏR XƏBƏRLƏR

Top