Azərbaycanlı iş adamı bərbad vəziyyətdə olan 2 məktəbi təmir etdirdi

Göyçay şəhər 2 saylı və Qaraman kənd orta məktəbin binası əsaslı təmirdən sonra müəllim və şagirdlərin istifadəsinə verilib. "Yeniavaz.com" xəbər verir ki, məktəblərin açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatları Elman Nəsirov, Elxan Süleymanov "AzNar" QSC-nin icraçı direktoru Fərəc Əhmədov çıxış edərək müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, "AzNar" QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov şəxsi vəsaiti ilə vaxtilə oxuduğu Göyçay şəhər 2 saylı orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Yanvar ayından başlayaraq əvvəlcə binada söküntü işləri aparılıb, sonra təmirə start verilib. Ümumilikdə 480 şagird yerlik bu məktəbin 3 tədris korpusunda, sinif otaqlarında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana, kompüter mərkəzində, tibb və hərbi otaqlarında, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. 1932-ci ildə inşa edilmiş bu məktəbdə ilk dəfə yenidənqurma işləri aparılıb və təhsil ocağı istilik sistemi, ehtiyat su hovuzları və transfot yarımstansiyası ilə təchiz edilib, müəssisəsinin ətrafları abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, valeybol və basketbol meydançaları yaradılıb.

Məlumat verilib ki, dövlət proqramı çərçivəsində və Heydər Əliyev Fondunun vəsaiti hesabına indiyədək Göyçay rayonunda 16 yeni məktəb binası, o cümlədən 2 modul tipli məktəb tikilib, 12 tədris ocağı əsaslı şəkildə yenidən qurulub. Nəticədə 7891 nəfər şagirdin təhsil şəraiti yaxşılaşıb.

Müəllim və valideynlər çıxış edərək rayonda təhsilin inkişafına daim köməklik göstərən və uzun illərdir ki, bərbad vəziyyətdə olan Göyçay şəhər 2 saylı orta məktəbin binasını əsaslı təmir etdirdiyi üçün xeyriyyəçi iş adamı Fərhad Əhmədova minnətdarlıq ediblər. Rayon ictimaiyyətinin nümayəndələri məktəblərdə yaradılan şəraitlə tanış olublar. Birinci sinif şagirdlərinə "AzNar" QSC tərəfindən məktəbli çantaları və dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, bu gün həm də Göyçayın Qaraman kənd tam orta məktəbi Milli Məclisin deputatı Elxan Süleymanovun maddi dəstəyi ilə əsaslı şəkildə yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Pərviz Əliyev, Göyçay

DİGƏR XƏBƏRLƏR

Top