Qənirə Paşayeva: "Çoxlu sayda ailələr bizə müraciət edir..."

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bir sıra xəstəliklərin artmaması üçün əhali arasında geniş tibbi maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac olduğunu deyib. "Yeniavaz.com" xəbər verir ki, deputat əhalinin geniş tibbi maarifləndirilməsinə böyük ehtiyac olduğunu bildirib və qeyd edib ki, bu vacib məsələlərdən biri olmalıdır. O, deyib ki, qəbul olunan qanunların mahiyyətinin sadə insanlara çatdırılmasında, maarifləndirmə işində ciddi addımların atılmasına böyük ehtiyac var: "Özəlliklə sağlamlıq, tibb, səhiyyə sahəsində, çünki bu sahə hər bir insanı ciddi maraqlandırır. Ana və yeni doğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var".

Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən millət vəkili Qənirə Paşayeva Azərbaycanda da sosial reklamlarla bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb. Deputat sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan KİV-i də bu məsələyə daha geniş önəm və yer verməyə çağırıb: "Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və bu istiqamətdə qanunvericilik sahəsində də lazım olarsa, addımlar atılmalıdır. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir".

Bu gün çoxlu sayda xəstəliklərin sürətlə artdığını, bəzən insanların elementar tibbi bilgisizlik üzündən ona yoluxması və ya vaxtında addım atmaması üzündən həyatının riskə girməsi hallarının azalmadığını deyən millət vəkili Qənirə Paşayeva xüsusilə kəndlərdə və kənd bölgələrində tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac olduğunu deyib.

Millət vəkili "Reproduktiv sağlamlıq haqqında" Qanunun təcili qəbul olunmasına böyük ehtiyac olduğunu deyib: "Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin bir çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir. Bu baxımdan "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin yaxın zamanlarda qəbulu çox vacib və əhəmiyyətlidir".

DİGƏR XƏBƏRLƏR

Top