Gəncədə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın açılışı olub

Gəncədə "Bilik Günü" münasibəti ilə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın əsaslı təmirdən sonra açılışı olub. Açılışda mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, gimnaziyanın müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində Təhsil Nazirliyinin nümayəndəsi Həbib Kərimov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə çıxışlarında yeni dərs ili və açılış münasibəti ilə kollektivi təbrik ediblər. Təbrik nitqi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Bilik Günü" və gimnaziya binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə yığıncaq iştirakçılarına xoş arzularını çatdırıb. Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev qeyd edib ki, son illər ərzində Gəncədə 39 məktəbdə təmir işləri aparılıb. Bundan başqa 6 peşə məktəbi əsaslı şəkildə yenidən qurulub. İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, Nizami yurdunda gedən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının nəticəsidir. Çıxışlardan sonra bina ilə yaxından tanışlıq olub. İcra başçısına məlumat verilib ki, məktəbin tədris korpusu və yataqxanasında aparılan əsaslı təmir işləri nəticəsində dam örtüyü dəyişdirilib, iclas və idman zalları, 25 sinif otağı, 35 yataq otağı, şagirdlərin istifadəsi üçün yeməkxana əsaslı təmir olunub. 2 informatika, 2 laboratoriya (kimya, fizika) otağı müasir avadanlıqlarla təchiz edilib. Məktəbdə yeni istilik sistemi quraşdırılıb. 250 şagird yerlik məktəbdə tədris Azərbaycan dilində aparılır. Təhsil ocağında işçilərin sayı ümumilikdə 59 nəfərdir, onlardan 34 nəfər pedaqoji heyətdir. Məlumat üçün bildirək ki, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya 1961-ci ildən 2016-cı ilədək Sanatoriya tipli internat məktəbi kimi fəaliyyət göstərib və təhsil nazirinin 28 iyul 2016-cı il tarixli 509 N-li əmri ilə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya adlandırılılıb. Bu təhsil ocağında sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılıb. Bununla əlaqədar məktəbin yeni Nizamnaməsi də təsdiq edilib. Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top