“Əli Kərimli və onun ətrafında olan şəxslərin toplaşdıqları Milli Şura anti-milli bir qurumdur. Onlar Azərbaycan əleyhinə iş aparırlar və bir mərkəzdən idarə olunurlar. Erməni lobbilərinin, Soros Fondunun qaldırdığı məsələlər bunların gündəliyindədir. Bütün bunlar Azərbaycan xalqına bəllidir”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, Milli Şuranın sentyabrın 23-nə mitinq təyin etməsinə münasibət bildirərkən qeyd edib ki, bu cür mitinqlərin əhəmiyyəti yoxdur: “Azərbaycanın inkişafı, görülən işlər göz qabağındadır. Sentyabrın 14-də “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Böyük dövlətlər, şirkətlər bu məsələdə yaxından iştirak edirlər. Müqavilə növbəti müddətə Azərbaycan üçün ən əlverişli şərtlərlə imzalanıb. 1994-cü ildən fərqli olaraq, müqaviləyə əsasən, gəlirlərin, istehsal olunan neftin böyük hissəsi Azərbaycanın payına düşür. Belə olan halda, bu, Ermənistanı, erməni lobbillərini narahat edir. Çünki bu, Azərbaycanın inkişafı, müstəqilliyin zəmanəti deməkdir. Bu gün Azərbaycan nəinki regionda, Avropanın enerji təhlükəsizliyində lider dövlət kimi xüsusi rol oynayır. Yalandan müxtəlif bəyanatlar ortaya atırlar ki, guya Azərbaycan 2,9 milyard xərcləyərək lobbi təşkilatlarına sərf edib. Dünyada - Amerikada və başqa dövlətlərdə lobbiçilik fəaliyyəti mövcuddur. Erməni lobbisi bütün dünyada fəaliyyət göstərir, ayrı-ayrı siyasətçiləri ələ alırlar. Bəs niyə bunların adları hallandırılmır? Avropa Şurasında, Avropa Parlamentində, ATƏT Parlament Assambleyasında müxtəlif deputatların ermənilər tərəfindən ələ alınaraq Azərbaycana qarşı fəaliyyət göstərməsi faktı var. Əgər bunlar obyektivdirlərsə, bu qurumlarda Azərbaycan əleyhinə qərarların qəbul olunmasını, ölkəmizin ərazisinin işğal olunmasına baxmayaraq Azərbaycana qarşı ittihamların irəli sürülməsini, Ermənistanın işğalçı dövlət olmasının irəli sürülməməsi kimi faktları niyə diqqətdə saxlamırlar? Son 10 ildə Əli Kərimlinin ermənilərin əleyhinə mövqe sərgilədiyini görmüsünüzmü? Xeyr! Milli Şuranın ermənilərin əleyhinə bir dəfə bəyanatını eşitmisinizmi? Xeyr! Belə bir şey olmayıb. Çünki bunlar ermənilərin pulu ilə fəaliyyət göstərirlər. Ona görə də yalnız anti-Azərbaycan mövqedən çıxış edirlər. Bəzi beynəlxalq təşkilatların Azərbaycan hökumətini korrupsiyada ittiham etməsi iddiası dəstək qazanmadı. Ona görə də bu məsələni daxildə alovlandırmağa çalışırlar. Sonra da desinlər ki, görürsünüz, Azərbaycanın özündə bununla bağlı aksiyalar keçirilir”.
S.Novruzov vurğulayıb ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa uyğun olaraq, istənilən təşkilat qanunu pozmadan aksiya keçirə bilər: “Onların mitinqi dəstək qazanmayacaq. Bu, aydın məsələdir, çünki onların sosial bazası, elektoratı yoxdur. Əli Kərimli 5-10 nəfəri pulla ələ alaraq ora gətirəcək. Bu gün ölkədə ictimai-siyasi sabitlik var, abadlıq-quruculuq işləri aparılır, xalq-iqtidar birliyi mövcuddur, ölkənin beynəlxalq nüfuzu artaqda davam edir. Bu da mitinq təşkilatçılarına pis təsir edir. Azərbaycan “sabitlik adası”dır. Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində çıxışında sonra İslam dövlətlərinin başçıları prezidentimizə müraciət edərək təşəkkürlərini bildirdilər. Qeyd etdilər ki, dünyada müsəlmanların başına gətirilən oyunlara qarşı Azərbaycan açıq şəkildə mübarizə aparır, ölkə prezidenti mövqeyini ortaya qoyur".
YAP rəsmisi bildirib ki, mitinq keçirilsə belə, o, izləməyəcək: “Onların mintiqinin əhəmiyyəti yoxdur. Ona görə də dəyərli vaxtımı niyə sərf etməliyəm ki? Gürcüstan ərazisində aldıqları təxribat xarakterli təlimatları Azərbaycanda tətbiq etmək istəyənlər bu cür mitinqlər təşkil etməyə çalışır. Bundan başqa, belə mitinqlərlə onların hesabına ayrı-ayrı dövlətlərin kəşfiyyat orqanlarının köçürdüyü pulları mənimsəyə səy göstərirlər. Bir müddət öncə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin Əli Kərimliyə qarşı bəyanatları ilə hər kəs tanış oldu. Onlar bəyanatlarında qeyd ediblər ki, Əli Kərimli daxil olan vəsaitləri öz maraqlarına sərf edir. Bunu biz deyil, öz silahdaşları deyir. Onlar faktlar ortaya qoyurlar, milyonlarla pul mənimsənilib. Artıq “Azərbaycan Xalq Cəbhəsi Partiyası” adlı qurum yoxdur. Əli Kərimli həmin qurumu Milli Şuraya daxil edib. Ora da bir dərnəkdir. Ona görə də belə insanların keçirdikləri mitinqlərə vaxt sərf etməyə dəyməz”.
Qeyd edək ki, Milii Şura sentyabrın 23-nə mitinq təyin edib. Aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Report