Ankara Avropa İttifaqına üzvlük məsələsində irəliləyişə nail olmaq və ikitərəfli münasibətlərin möhkəmləndirmək məqsədilə Aİ-yə sammit keçirməyi təklif edib. Bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib. “Türkiyə Aİ-nin tamhüquqlu üzvü olmaq məqsədindən imtina etməyib, biz irəliləmək üçün addımlar atmağa hazırıq”, - deyə Çelik qeyd edib. Nazir qeyd edib ki, Aİ ölkələrində Türkiyənin bloka üzv olması məsələsində fərqli mövqelər mövcuddur. Onun sözlərinə görə, Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan Ankaranın ittifaqa üzv seçilməsinə fəal şəkildə əngəllər törətməkdə davam edir.
“Merkel və digər avropalı siyasətçilər Ankaranı çox məyus etdilər, belə ki, tarixinin ən ağır məqamlarından birində dostlar və müttəfiqlər Türkiyəni tək qoydu”, - deyə Çelik əlavə edib.
“Aİ-də ciddi problemlər yaşanmaqdadır – Böyük Britaniyanın blokdan çıxmasının hansı fəsadlarla nəticələnəcəyini bilmirik, onlar qanunsuz miqrasiya problemini həll edə bilmirlər, terrorla mübarizə sahəsində çoxlu boşluqlar mövcuddur, islahatların aparılmasına çox ciddi ehtiyac var. Onlar isə bunları kənara qoyaraq, mühüm daxili problemlərini pərdələmək üçün Türkiyə ilə antaqonizm yaradırlar”, - deyə nazir əlavə edib.Apa