Döyülən məktəb direktorlarından biri: “Hamıdan çox məni döydü...” VİDEO

Xəbər verildiyi kimi Özbəkistanın Sırdərya vilayətinin Sayhunabad rayonunda icra hakimi (rayon başçısı) məktəb direktorlarını kabinetində sıraya düzərək bir-bir döyüb. Buna səbəb məktəb direktorlarının Özbəkistanın müstəqillik günü tədbilərinə yetərincə adam yığa bilməməsidir. Həmin səbəbə görə vilayət hakimi rayon hakiminə töhmət verib. Rayonun ağası isə bunun əvəzini məktəb direktorlarından çıxıb.

Həmin döyülmə səhnəsinin kadrları internetdə yayılıb və kadrlardan görünür ki, icra hakiminin söyüşlər yağdırdığı, döydüyü məktəb direktorları onun qarşısında məzlum görkəmdə dayanıb, heç biri hakimə cavab qaytarmağa cəsarət eləmir və təhqir olunmaq üçün sakitcə növbələrini gözləyirlər. Bu kadrlar Özbəkistanda hakimiyyət orqanlarının rəhbərlərinin tabeçiliklərində olanlara və adi vətəndaşlara münasibətini əks etdirən geniş yayılmış praktikanı bir daha ortaya qoyur.

Sayhunabad rayonunda icra hakimi tərəfindən döyülən məktəb direktorlarından biri “Azadlıq” radiosunun özbək xidmətinə bildirib ki, yerli administrasiyada keçirilən iclaslarda qanunsuzluq və insanlara əl qaldırma həmişə adi hal olub. Həmin rayonun icra hakiminin məktəb direktorlarını sıraya düzərək döyməsini göstərən video sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb.

Sırdərya vilayətinin Sayhunabad rayon məktəblərindən birinin direktoru deyib ki, videoda görüntülənən insident baş verən zaman o, hamıdan çox döyülüb. O əlavə edib ki, sentyabrın 12-də internetə sızmış bu video rayon icra hakiminin özbaşınalığının yalnız kiçik bir hissəsidir.

"Bizdə bu, daim baş verir. Əvvəllər hokim (icra hakimi) başqa peşə sahiblərinə əl qaldırırdı, fermerləri və tibb müəssisələrinin rəhbərlərini döyürdü. Onları döydüyü və hətta təpiklədiyi də olub. Özüm şəxsən görmüşəm, hokim əvvəlcə onları yanına çağırır, sonra təpiklə qovurdu. Yəqin o düşünür ki, icra hakimidir və ona hər şey olar. Ancaq insanlarla belə davranmaq olmaz. Yayılmış videoda həmin gün baş verənlərin hamısı çəkilib. Həmin gün bizim hokim bir neçə direktoru təpiklə qovmuşdu", – deyə məktəb direktoru danışır.

Məktəb direktorunun sözlərinə görə, videoda görüntülənən insident avqustun 28-də baş verib. O deyir ki, məktəb direktorları dərs ilinin başlanmasına hazırlaşdıqları üçün Müstəqillik günü tədbirlərinə yetərincə adam toplamağa imkanları olmayıb.

"Həmin gün məni hamıdan çox döydü. Mənə üç dəfə şillə vurdu. Yanımdakı məktəb direktorunu döymədi, çünki o yaşlıdır. Həmkarımdan cavan olduğuma görə, hokim məni vurdu", – Sayhunabad məktəbinin müdiri deyir.

Ancaq direktorun sözlərinə görə, o, icra hakiminin qanunsuz davranışından hüquq mühafizə orqanlarına şikayət etmək niyyətində deyil: "Axı o icra hakimidir. Biz şikayət etsək, prokurorluq onsuz da onun tərəfini tutacaq. Bizi isə günahkar çıxaracaqlar. Bu videonu çoxları gördü. Bəzi tanışlarım deyirlər: «Axı hokim səni vuranda niyə susdun? Onun şillələrinə niyə cavab vermədin?» Axı o icra hakimidir, mənsə adi müəllim! Mənim ona cavab verməyə gücüm var. Ancaq icra hakiminin müəllimi döyməsi artıq cinayətdir. Əgər mən hokimi vursaydım, onda döyülən həmkarlarımın bəziləri məni günahlandıra bilərdilər. İstənilən halda, o, icra hakimidir. Ona görə səsimizi çıxarmadıq", – məktəb direktoru deyir.

Sayhunabad rayon prokurorluğu icra hakiminin məktəb direktorlarını döyməsi faktı üzrə istintaqa başladığını bildirib.Videonu yaymış Kun.az saytı isə yazır ki, vilayət administrasiyası insidenti pisləyib. Ancaq Sırdərya vilayət administrasiyasının mətbuat xidmətinin rəhbəri Artyk Sultanov bu barədə məlumatı olmadığını deyib.

"İndi biz pambıq yığımındayıq. Elə indicə bu videoya baxmağa başlamışıq. Ona görə bir şey deyə bilmərəm. Ola bilsin ki, sizin sualınıza şöbə müdirləri cavab verə bilərlər, çünki qalan hamı pambıq sahələrindədir", – administrasiyanın mətbuat katibi deyib.

Kun.uz saytı yazır ki, sentyabrın 12-si axşam Sırdərya vilayətinin icra hakimi Gofurjon Mirzaev təcili iclas keçirmək üçün Sayhunabad rayonuna gəlib.İclasda rayon icra başçısı Nosirjon Egamberdiev döydüyü məktəb direktorlarından üzr istəyib.

Bundan başqa, həmin iclasda dalaşqan icra hakimi ilə bağlı ciddi tədbirlər görüləcəyi bildirilib.«Hokimin işinə pambıq yığımı mövsümü bitəndən sonra baxılacaq. Onun bu vəzifədə səlahiyyətlərini davam etdirməsi məsələsi "yuxarının" göstərişi ilə bağlıdır», – deyə Kun.uz saytı yazır.

Ancaq döyülən məktəb direktorlarından ikisi bildirib ki, Egamberdiev onlardan üzr istəməyib."Əgər o bizdən üzr istəmək niyyətindədirsə, qoy bizi rayon administrasiyasına çağırsın. Ora rayon sakinlərini də toplasın və onların qarşısında bizdən üzr istəsin. Çünki bu video hər yerdə yayılıb, onu çox adam görüb", – direktorlardan biri deyib.

2016-cı ilin oktyabrında Sırdərya vilayətinin Sayhunabad rayonunun icra hakimi təyin olunan Nosirjon Egamberdiev həmkarları arasında sərtliyi ilə tanınır. Virtualaz.org

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top