Şəhid anası: "Gördüm ki, səsimi çıxarmasam, maraqlanan yoxdur"

Mingəçevirdə şəhid bulaqlarının suyunun kəsilməsi şəhid anaları tərəfindən yenidən gündəmə gətirilib. Şəhid anası Şəfiqə xanım Şahmarqızı bununla bağlı "Yeniavaz.com" saytına müraciət edib: "Eşitdik ki, şəhid bulaqlarına suyun verilməsi bərpa edilib. Artıq 3 il keçib, gözləyirik, amma bir nəticəsi yoxdur. Kim ki, şikayət edir, səsini çıxarır onun problemini həll edirlər. Biz də öz vəsaitimiz hesabına bulaq düzəltdirmişik, su çəkdirmişik. Amma "Azərsu" Mingəçevirə su sayğacı quraşdırandan sonra şəhidlərin bulağına gələn suyu kəsdi. Bu məsələ bir neçə dəfə mətbuat vasitəsi ilə gündəmə gətirilib. Biz də sevindik ki, övladlarımızın adını daşıyan bulağa su gələcək. Amma gördüm ki, səsimi çıxarmasam, maraqlanan yoxdur".

M. Maqomayev 8 ünvanında yaşayan sakinlər də deyirlər ki, bu məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət ediblər: "Bizə bildirdilər ki, 10 günə məsələ öz həllini tapacaq. 10 gün də gözləyərik".

Digər şəhid anası Nabat Əliyeva deyir ki, oğlunun adına öz vəsaiti hesabına düzəltdirdiyi şəhid bulağına sayğac qoyulub: "Mən də bununla bağlı iradımı aidiyyəti qurumlara bildirdim. Artıq sayğac götürülüb. Suyu da bərpa edilib. Biz də təskinliyimizi bu bulaqdan alırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top