Sosial sığortanın tətbiqi: yeni qanunda nələr var...

Sentyabrın 12-də prezident İlham Əliyev sosial sığorta ilə bağlı fərman imzaladı. Fərman “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi ilə bağlıdır. Həmçinin Nazirlər Kabinetinə tapşırılıb ki, prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin, fərmandan irəli gələn digər məsələləri həll etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bəzi normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə prezidentə məlumat verməlidir.

Maraqlıdır, sosial sığorta ilə bağlı fərman nəyi ehtiva edir? İqtisadçı Natiq Cəfərli mövzunu bu cür şərh etdi:

“Təbii ki, son zamanlarda əhalinin dolanışıq və sosial vəziyyətinin getdikcə ağırlaşması sosial sahədə müəyyən addımların atılmasını zəruri edib. Sadəcə, bu fərmanda işə götürənlərin və işçilərin əlavə vergi ödəməsi ilə yığılacaq fonddan sonradan sosial müdafiə xərclərinə, həm işsizlik, həm də digər sosial müdafiəsi zəif olan əhali kateqoriyaları ilə bağlı ödənişlərin həyata keçirilməsinə sərf olunması nəzərdə tutulub. Lakin burada ciddi bir məsələ diqqətdən yayınıb və yaxud bu haqda sona qədər fərmanda aydın görünmür. Belə ki, vergi yükü artırsa, vətəndaşın, işə götürənin də vergi yükü artır. Əgər bu sahədə vergi yükü azaldılsa idi, daha effektli olardı. Bununla da maaşların daha da azaldılmasının rəsmiləşdirilməsi gündəmə gələcək. Çünki vergi yükü həm işə götürən, həm də işçi üçün artır. Onsuz da Azərbaycanda rəsmiləşdirilməmiş iş yerlərinin sayı çox idi. Bu isə vergi yükünün ağır olması ilə əlaqədardır. Həm işə götürən, həm də işçi Sosial Müdafiə Fonduna çox vergi ödəməmək üçün müqavilələrdə ya maaş az göstərilir, hansı ki, reallıqda maaş daha çox olur, yaxud da ümumiyyətlə, müqavilə bağlamamağa çalışırlar. İndi də addım və düşüncə olaraq sosial müdafiənin gücləndirilməsi doğru yanaşma olsa da, həm işə götürən, həm də işçilər üçün stimullaşdırıcı addımlar da atılmalıdır. Yəni onların özləri maraqlı olmalıdırlar ki, fonda ödənişlər etsinlər və sonradan işsizlik və digər problemlərlə bağlı həmin fonddan ödənişlər alsınlar. İndiki formulda hələlik vergi yükünün artırılması nəzərdə tutulub.

Çəkindiyim məsələ ondan ibarətdir ki, vergi yükü, ödənişlər artdıqca rəsmi əmək müqavilələrinin sayı azala bilər".

İqtisadçı kənd təsərrüfatı ilə bağlı da sosial sığortanın tətbiq edilməsinə ehtiyac olduğunu bildirdi: “Bununla bağlı dünya praktikasına baxdıqda iki yanaşma görürük. Məsələn, Türkiyədə kənd təsərrüfatı sahəsində dövlətin kifayət qədər dəstəyi yüksəkdir. Burada dövlət bir çox stimullaşdırıcı addımlar atır. Yəni əgər Türkiyədə bir fermer 100 lirə vergi ödəyirsə, dövlət də 100 lirə ödəyir və sonradan fermer hansısa təbiət hadisələri və digər olaylarla qarşılaşdıqda həmin fonddan kifayət qədər ciddi dəstək alır, ziyanın böyük bir qismini qarşılayır. Beləliklə, dövlətin bu məsələdə iştirakı olan ölkələr çoxdur və belə bir yanaşma kifayət qədər yüksəkdir. Və yaxud dövlət bu işə kənardan dəstək verir və kənardan stimullaşdırıcı addımlar atır. Özəl qurumlar da kənd təsərrüfatı kimi riskli sahə ilə işləməyə maraq göstərirlər. Çünki doğrudan da kənd təsərrüfatı sahəsinin sığortası çox risklidir, bu sahə təbiət hadisələri ilə bağlı olur. Sığorta şirkətlərinin də özlərinin bu sahəyə marağı olmur. Ölkəmizdə də kənd təsərrüfatı sahəsi ilə bağlı əlavə dəstək proqramları hazırlana bilər. Buna əsasən hər hansı bir formada təbiət hadisələri və digər xoşagəlməz olaylar zamanı zərər görmüş fermer təsərrüfatlarının ödənişlərinin bir qismini öz üzərinə götürə və yaxud sığorta şirkətlərinə vergi güzəştləri tətbiq edə bilər. Bu cür stimullaşdırıcı addımlar atılsa, düşünürəm ki, bu sahədə də irəliləyişlərə nail olmaq olar”. "Yeni Müsavat"

DİGƏR XƏBƏRLƏR

Top