Son 6 ildə gömrükdə tutulan narkotik maddələrin miqdarı 108 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 154 fakt qeydə alınıb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, bu ilin ilk 8 ayı ərzində gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 2 min 692,5 kiloqram olub. Qeyd edək ki, ötən ilin analoji dövründə gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı bundan 2,4 dəfə az olub - 1122 kiloqram. Son 6 ilin ilk 8 aylarının müqayisəsini apardığımız zaman belə görünür ki, 2012-ci illə müqayisədə gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı 108 dəfə artıb. Belə ki, 2012-ci ilin yanvar-avqust aylarında gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı cəmi 25 kiloqram olub. Sonrakı illərdə bu göstərici davamlı olaraq artıb. Ən yüksək artım isə 2016 və 2017-ci illərdə qeydə alınıb. Məlumat üçün bildirək ki, 2013-ci ilin yanvar-avqust aylarında gömrük orqanları tərəfindən tutulan narkotik vasitələrin miqdarı cəmi 99 kiloqram olub. 2014-cü ilin eyni dövründə bu göstərici 151 kiloqram, 2015-ci ilin analoji dövründə isə 82 kiloqram təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top