Bu ilin ilk 8 ayı ərzində xarici ölkələrdən Azərbaycana 866,5 milyon dollar (1 milyard 473 milyon manat) dəyərində yeyinti məhsulları gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, idxal olunan əsas yeyinti məhsulları arasında ət, yağ, şəkər, meyvə-tərəvəz və s. üstünlük təşkil edir. Qeyd edək ki, idxal olunan bu məhsulların gömrük dəyəri ilə marketlərdəki pərakəndə satış qiymətləri arasında ciddi fərqlər mövcuddur. Məsələn, bu ilin ilk 8 ayında ölkəyə 42,9 milyon dollar dəyərində 28,2 min ton ət gətirilib və bu o deməkdir ki, bu məhsulun 1 kiloqramının gömrük dəyəri 1,5 dollara (2,6 manat) bərabər olub. Halbuki marketlərdə satılan idxal ətin və ət məhsullarının qiyməti bundan yüksəkdir. Həmçinin yanvar-avqust aylarında 46,26 milyon dollar dəyərində 10,28 min ton kərə yağı gətirilib və bu məhsulun da 1 kiloqramının gömrük dəyəri 4,5 dollara (7,6 manat) bərabər olub. Marketlərdə satılan idxal kərə yağının 1 kiloqramı bundan ən azı 2 dəfə bahadır. Bunlardan başqa bitki mənşəli yağların 1 kiloqramının gömrük dəyəri 95 sent (1,6 manat), meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 47 sent (80 qəpik), çayın 1 kiloqramının gömrük dəyəri 3,8 dollar (6,8 manat), şəkərin 1 kiloqramının gömrük dəyəri isə 46 sent (78 qəpik) olub.