Mingəçevirdə kreditini ödəyib qurtaran vətəndaşa TƏZƏ BORC GƏLİB

Mingəçevir sakini Esmira Əsabəliqızı "Access Bank"ın Mingəçevir filialında üzləşdiyi problemlə bağlı "Yeniavaz.com" saytına müraciət edib. Esmira xanım aylıq məvacibini də həmin bankdakı hesaba köçürülməsi yolu ilə alır.

"2015-ci ildə bu bankdan götürdüyüm krediti 2017-ci ilin 6-cı ayında ödəyib qurtarmışam. Kreditlə bərabər mənə kredit kartı da verilmişdi. Kredit kartımda isə 300 manat olub. Həmin məbləği isə dollarla hesablayıblar. Bankdan götürdüyüm krediti ödəyib qurtarandan sonra mənə tam ödənilmə ilə bağlı çek verildi. Sonrakı aylarda da maaşımı hər ay bu bankda olan hesabımdan çıxarırdım və mənə əlavə hər hansı borcumun olması ilə bağlı məlumat verilmirdi. Dünən yenə maaşımı, yəni işlədiyim yerdə hesabıma köçürülən məbləği götürmək üçün banka müraciət etdim. Lakin mənə bildirdilər ki, sizin 67 dollar borcunuz var. Bildirdim ki, bu barədə mənə heç bir məlumat verilməyib, borcum olduğu deyilməyib, bu necə ola bilər? Üstəlik, borcun tam ödənilməsi ilə bağlı mənə arayış da verilib?".

Şikayətçi iddia edir ki, banklar öz mənafelərini güdüb öz qoyduqları "qanun"larla müştərilərə meydan oxuyurlar: "Mənə deyirlər ki, sənin maaşın hamsı kreditə yönəlib. Evdə 6 baş külfət mənim aldığım maaşa göz dikib. Xəstə uşaq, kommunal xərclər və digər xərclər bu pulla ödənməli idi. Həmin gün işıq pulumu ödəmədiyimə görə, işıqlarımız da kəsilib. Tərslikdən su da qurtarmışdı. Başqa yerdən heç bir gəliri olmayan adam neynəməlidir? İndi bir ay oturub maaş gözləməlidir ki, ehtiyaclarını ödəsin? Mingəçevirdə işsizlik onsuz da problemdir, bir yandan da əhalini banklar təngə gətirib. Bu məsələnin araşdırılmasını və lazımi tədbirlər görülməsini istəyirəm. Əks təqdirdə, yüksək instansiyalara müraciət edəcəyəm".

DİGƏR XƏBƏRLƏR

Top