Əsas ticarət tərəfdaşlarımız olan ölkələrin adları açıqlandı

Bu ilin yanvar-avqust ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumatlara istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 913,2 milyon dollar (ümumi idxalın 17,2%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk 8 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 808,4 milyon (ümumi idxalın 15,2%-i) və 527,7 milyon dollarlıq (9,9%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri ABŞ (413,1 milyon dollar), Almaniya (246,5 milyon dollar), Ukrayna (233,9 milyon dollar), İtaliya (205,5 milyon dollar), İran (157,4 milyon dollar), Böyük Britaniya (157,3 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi bu ilin yanvar-avqust ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 8 ay ərzində bu ölkəyə 1 milyard 547 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 21,4%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1milyard 25,8 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 14,2%-i). Həmçinin 436,9 milyon dollar dəyərində məhsul Çinə satılıb. Rusiyaya 364,8 milyon dollar, Gürcüstana 336,6 milyon dollar, Çexiyaya 317,3 milyon dollar, İsrailə isə 305,6 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Hindistan (272,2 milyon dollar) Tayvan (267,2 milyon dollar, Almaniya (266,2 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top