Son günlər bəzi Kütləvi İnformasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin ərazisində icarəyə verilmiş “26” adlı kafe ilə bağlı müxtəlif məlumatlar verilir. Həmin məlumatlarda dosent Ərəstun Qasımovun da adı hallanıb. Məsələyə aydınlıq gətirmək üçün Ə.Qasımovla əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında qeyd edilən kafe ilə bağlı heç bir məlumatının olmadığını bildirib: “Həmin kafenin kimə məxsusluğu sənədlərdə əksini tapdığı halda nahaqdan mənim və oğlumun adının hallanması çox təəssüfedici faktdır. Heç bir əsas olmadan ziyalı imicinə atılan böhtan məni çox narahat edir. Hesab edirəm ki, bu böhtan ümumiyyətlə müəllim adına, ziyalı təbəqəsinə və çalışdığım təhsil müəssisəsinə hörmətsizlikdir. Xahiş edirəm səbəbsiz yerə mənim adımı hallandıran bununla da səhhətimə, müəllim nüfuzuma xələl gətirən bu cür iyrənc halların dərhal dayandırılması barədə bəyanatımı yayasınız. Əks təqdirdə bu barədə qanunlar çərçivəsində mübarizə aparacağam və böhtan atanlar layiqli cəzalarını alacaqlar”.